Bakı. Ənvər Məmmədov - Trend:
Rusiya ilə Azərbaycan arasında sazişlər zərfinin imzalanması iki ölkə arasındakı bütün əlaqələrin inkişafına əlavə təkan verəcək.
Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev deyib.
Ticarət nümayəndəsinin sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planına ticarətin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi vacib məsələlər üzrə yol xəritələri daxildir.
İki ölkə arasında iqtisadi münasibətlərin inkişafına toxunan E.Tlyabiçev qeyd edib ki, hazırda bu münasibətlər artan dinamika ilə inkişaf edir:
“Ötən ilin yekunlarına əsasən, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 35 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Rusiyanın Azərbaycana birbaşa investisiyaları artıq 1,5 milyard dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə çoxlu sayda şirkət fəaliyyət göstərir”.
E.Tlyabiçev əlavə edib ki, əməkdaşlığın prioritet sahələri arasında hazırda aqrar sektorla yanaşı, hər iki ölkə üçün maraqlı olan digər sahələr də var:
“Onlardan biri əczaçılıqdır. Rusiyanın “R-Farm” şirkəti Azərbaycanda dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə investisiya qoyub. Azərbaycanda həmçinin Rusiyanın bir çox enerji şirkətləri işləyir. Sənaye sahəsində əməkdaşlıq genişlənir. Nəqliyyat sahəsində böyük perspektivlər var, “Şimal-Cənub” dəhlizinin reallaşdırılması ilə isə perspektivlər daha da artacaq. İKT sektorunu da unutmamalıyıq. Bu gün Rusiya internet xidmətləri sahəsində böyük uğurlara malikdir və Azərbaycan Rusiyanın təcrübəsindən yararlana bilər”.