Bakı. Elnur Bağışov - Trend:
Dekabrın əvvəlində Bakıda Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüşdə əsas müzakirə mövzusu startapların iş və gəlirlərinin gücləndirilməsi konsorsiumunu yaratmaq olub. Konsorsiumun yaradılması məqsədilə 4 ölkə tərəfindən ilk olaraq 2 milyon dollar investisiya ayrılıb.
Bunu Trend-ə özəl olaraq İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.
Onun sözlərinə görə, təxminən bir ildir ki, dörd ölkənin bazarlarında birgə şəkildə işləmək istiqamətində müzakirələr gedir:
"İran 1 il əvvəl belə bir təşəbbüsü təklif etdi. Ötən bir il ərzində Azərbaycan, Rusiya və Türkiyənin rabitə nazirləri ilə bir çox müzakirələr aparılıb. Aşqabadda keçirilən iclasda da bu məsələ araşdırıldı. Dubayda keçirilən iclasda isə yenidən bu məsələni diqqət mərkəzində saxlanıldı. Dördtərəfli iclasda İran bu işçi qrupun yaradılması və katibliyə ev sahibi olmağı təklif etdi. Təklif hər dörd ölkənin işçi qrupu tərəfindən dəstəkləndi. Qərara alındı ki, yanvar ayının ikinci yarısında İranda keçirilməsi qərara alınan iclasda yekun razılaşma imzalansın".
İranlı nazir dördtərəfli iclasda bundan əlavə 2-3 məsələyə də diqqət çəkdiklərini qeyd edib: "Ölkələr arasında kibertəhlükəsizlik, peyk rabitəsi, poçt əməliyyatları sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər və danışıqlar oldu. Bu iclasda daha çox startaplar haqda danışıqlar aparıldı. Qərara alındı ki, Tehran iclasında qeyd olunan sahələrdə ətraflı şəkildə danışıqlar aparılsın. İKT sahəsində birgə bazarların yaradılması istiqamətində hərəkət etməkdəyik. Dövlət və özəl sektorun iştirakı ilə birgə məhsul istehsal edək, birgə yatırımlar edək, birgə təlimlərimiz olsun. Təbii ki, bazarlarımızı bir-birimizin üzünə açaq ki, bu sahələrdə diqqəti cəlb edəcək dərəcədə inkişafımız olsun".
Xatırladaq ki, dekabrın əvvəlində "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüş keçirilib.