...

Qarabağda əlvan metal ehtiyatları ölkənin dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq - "AzerGold"

İqtisadiyyat Materials 2 Fevral 2021 11:37 (UTC +04:00)
Qarabağda əlvan metal ehtiyatları ölkənin dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq - "AzerGold"

Bakı. Samir Əli - Trend:

İşğaldan azad edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatı üzrə fəaliyyətə hüquqi qiymət verilməsi məqsədilə "AzerGold" QSC tərəfindən 2018-ci ildən araşdırmalar aparılıb.

Trend-in məlumatına görə, bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, icra edilən layihə çərçivəsində hazırlanmış "Məhkəmə Strategiyası üzrə Hesabat" sənədi 2020-ci ilin iyul-dekabr ayları ərzində layihə çərçivəsində toplanılmış məlumatlar və faktlarla birgə müvafiq dövlət qurumlarına təqdim edilib:

"Sənəddə işğal zamanı Qarabağda əlvan metalların qeyri-qanuni hasilatı və ticarəti ilə məşğul olmuş şəxslər və şirkətlər, qeyri-qanuni hasilata dəstək verən qaçaqmalçı şəbəkələr zənciri, onların qanunsuz fəaliyyəti barədə ictimai açıq mənbələrdən toplanmış detallı məlumatlar əks olunub. Bununla yanaşı, Cəmiyyət tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar və digər lazımi işlər proqramlaşdırılır. Bundan sonrakı mərhələlərdə də "AzerGold" QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır".

QSC sədri bildirib ki, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı ölkənin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq: "Sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı qızıl, gümüş, mis, civə və digər faydalı qazıntı yataqlarının istismara verilməsi azad edilmiş ərazilərimizdə sənayeni yenidən təşkil etməyə, iqtisadiyyatın əksər sahələrinin inkişafını intensivləşdirməyə, yerli əhalinin əlavə iş yerləri ilə təmin olunmasına, eləcə də bərpa olunacaq şəhər və kəndlərin inkişafına böyük ölçüdə dəstək olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti