Bakı. Samir Əli - Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində tikintisi davam etdirilən yolların siyahısını açıqlayıb.
Trend-in məlumatına görə, Agentlik sədri Saleh Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində olduğu kimi respublikamızın digər ərazilərində də əvvəlki illərdə icrasına başlanılan və hazırda da davam edən yol infrastrukturu layihələrimiz var.
"Bunlar M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km), Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin (3 km) və Astaraçay çayı üzərində körpünün tikintisi, Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində uzunluğu 23.7 km olan “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km), Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (16 km) avtomobil yolunun yenidən qurulmasıdır.
Həmçinin Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (67.6 km) yenidən qurulması və Ağsu çayı ilə kəsişmədə yeni körpü və tunelin tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km), Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan uzunluğu 20.5 km yeni avtomobil yolunun tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi də davam etdirilir",-deyə S.Məmmədov bildirib