...

“Daşkəsən” dəmir filizi yataqlarının istismarına dair ictimai müzakirə keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 May 2022 11:02 (UTC +04:00)
“Daşkəsən” dəmir filizi yataqlarının istismarına dair ictimai müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (DDF MMC) tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi işləri çərçivəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması prosesi başa çatdırılıb.

Daşkəsən şəhərində yerli icra hakimiyyəti və bələdiyyələrin əməkdaşları, elmi təşkilatların təmsilçiləri və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə sözügedən sənədin ictimai müzakirəsi keçirilib. İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə cari ilin yay aylarında istismarına başlanılması planlaşdırılan “Daşkəsən” dəmir filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işlərinin icra edildiyi, ekoloji və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin qiymətləndirildiyi qeyd edilib. Həmçinin hasilat işləri zamanı bu təsirlərin azaldılması məqsədilə ən müasir istehsalat təcrübəsinə əsaslanan səmərəli idarəetmə sisteminin tətbiqi və qabaqcıl texnologiyalardan istifadə edilməsi öz əksini tapıb.

İctimai müzakirə zamanı görüş iştirakçıları tərəfindən ƏMTQ sənədinin dağ-mədən sənayesi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun işlənib hazırlandığı xüsusilə vurğulanıb və sənəddə əksini tapan məsələlərin icrasının bölgədəki biomüxtəlifliyinin qorunması baxımından vacibliyi qeyd olunub. Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Təkliflər baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

MMC Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamına əsasən “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir.

Layihə çərçivəsində ölkə ərazisində dəmir filizi hasilatı, emalı, o cümlədən dəmir filizi konsentratı və birbaşa reduksiya edilmiş dəmirin istehsalı üçün sənaye kompleksinin yaradılması ilə qeyri-neft sənayesinin tərəqqisinə əhəmiyyətli töhfələr veriləcək. Belə ki, istismara başlanılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerlərinin açılması, yerli şirkətlərin fəaliyyəti üçün yeni imkanların yaradılması və ölkə iqtisadiyyatına yüz milyonlarla manat vəsaitin cəlb edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti