Bakı. Trend:
Xəzər rayonunun Zirə qəsəbəsinin Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani və Həsrət Ağamalıoğlu küçələrində təmir işləri icra olunur. Küçələrin ümumi uzunluğu 1 150 metr təşkil edir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, torpaq əsaslı olan küçələr sözsüz ki, sakinlərin gediş-gəlişində problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.