Bakı. Trend:
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin etməsində artan rolunun göstəricisidir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputat Hikmət Babaoğlu bildirib ki, Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni "yaşıl enerji" dəhlizi sazişidir.
“Bu, dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq paltforması yarada bilməsi qürurvericidir. 20-ci yüzilliyin sonunda “Əsrin müqaviləsi” möcüzəsini yaradan Azərbaycan 21-ci yüzilin əvvəlində "yaşıl enerji" sahəsində belə bir möcüzəni yarada bildi. Şübhəsiz ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təhcizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təhcizatı zərurətinə söykənir. Azərbycanın isə bərpa edilən enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpaedilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək ixrac edə biləcəyini göstərir.
Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirdi ki, bərpao lunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir. Göründüyü kimi, yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekastində Avropa üçün kritik əhəmiyyət daşıyır. Belə starteji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə yetirə bilir”, - deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya səfəri və səfər çərçivəsində keçirilən görüşlərin, imzalanan sazişlərin nəticəsi olaraq qeyd etmək lazımdır ki, bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik enerjisi ixracı enerji strategiyamızda yeni eranın və keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
“Azərbaycan qazının Avropaya ixracının coğrafiyasının genişləndirilməsi istiqamətində alıtan addımlar, eləcə də bərpa olunan və yaşıl enerjinin istehsal etdikdən sonra Avropa bazarlarına ixracı Azərbaycanın Avropanın enerji yəhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı bir daha göstərir.
Xüsusi vurğulamaq lazımdır ki, bu ilin əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunmuşdu və məqamlar cənab Prezidentin Rumıniyada çıxışında da qeyd etdiyi məqamlarla uzlaşırdı.
2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artırılmasında çox vacib bir sənəd olaraq tarixə düşdü. Bu sənəd bir daha Azərbaycan ilə Avropa İttifaqı arasında etibarlı tərəfdaşlığı təsdiq etdi və Azərbaycanın Avopanın enerji təhlüksizliyinin təminatında vacib bir aktora çevrilməsinin daha bir göstəricisi oldu.
Artıq sənədin icrasına başlanılıb. 2021-ci ildə il Azərbaycanın Avropa İttifaqı bazarına ixrac edilən təbii qazın ümumi həcmi 19 mlrd. kubmetr olmuşdu, 2023-cü ildə təxminən 24 mlrd. kubmetr olacaq. Bu, bir daha göstərir ki, Azərbaycan qazının Avropaya ixrac coğrafiyası genişlənməkdədir”, - deyə deputat əlavə edib.