...

Aktiv məşğulluq sahəsində dövlət və özəl sektor arasında münasibətlər genişlənir (FOTO)

İqtisadiyyat Materials 14 Aprel 2023 12:00 (UTC +04:00)
Aktiv məşğulluq sahəsində dövlət və özəl sektor arasında münasibətlər genişlənir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Saffron Group” arasında memorandum imzalanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev və “Saffron Group”-un Baş icraçı direktoru Firuz Süleymanov imzalayıb.

Memoranduma əsasən iki qurum arasında qarşılıqlı əməkdaşlığın qurulması, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması və birgə həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi, sosial əməkdaşlıq sahəsində Agentliyin digər tərəfdaş işəgötürənləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi kimi fəaliyyətlər icra olunacaq.

İmzalanma mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin bütün fəaliyyətinin iki əsas məqsədə - bugünkü işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası və gənc nəslin gələcək əmək bazarına hazırlığına xidmət etdiyini bildirib. Qeyd edib ki, əsas istiqamətlərdən olan peşə hazırlığının yeni və müasir yanaşmalarla təşkili məqsədilə aparılan islahatlar, dövlət-özəl tərəfdaşlığı və adambaşına maliyyələşmə prinsipinin tətbiqi kadr çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək. Hazırda 60-dan çox özəl tədris müəssisəsi ilə 175 peşə və ixtisas üzrə əməkdaşlıq edildiyini vurğulayan M.Abbasbəyli xidmət sektorunda önəmli yer tutan restoran turizmi üçün də lazımi kadrların yetişdirilməsinin sektora müsbət təsir edəcəyini bildirib.

“Saffron Group”-un Baş icraçı direktoru Firuz Süleymanov anlaşma memorandumunun əhəmiyyətindən danışıb, birgə fəaliyyət nəticəsində restoran turizmində mövcud olan kadr çatışmazlığı probleminin həll olunacağını bildirib.

Tədbirdə çıxış edən “Pasha Holding”in icraçı direktoru Elnur Əmikişiyev də özəl şirkətlərin dövlət qurumları ilə əməkdaşlığının ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafına müsbət təsir etdiyini vurğulayıb, “Pasha Holding”lə Dövlət Məşğulluq Agentliyi arasında fəaliyyətin bu sahədə digər şirkət və qurumlar üçün lokomotiv olacağını bildirib. İki qurumun əməkdaşlığı ilə bu günlərdə istifadəyə verilən Kinderland Karyera Mərkəzinin insan resurslarının inkişafına, gələcək nəsillərin əmək bazarına daha yaxşı hazırlaşmasına töhfə verəcəyini qeyd edib.

Üç il müddətini əhatə edən memorandum çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələr yaradılmasına marağın artırılması üçün proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq sahələrdə istehsalat təcrübəsi keçmələri və işlə təmin olunmasına Cəmiyyət tərəfindən köməkliyin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə “Saffron Group”-un tədris tərəfdaşı olduğu “Peşəkar” İnkişaf Mərkəzinin də təqdimatı baş tutub. Mərkəz işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması çərçivəsində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti