Bakı. Trend:
Yevlax Pilot Aqroparkda üç MMC və iki fərdi sahibkara rezident statusu verilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
"Yevlax Pilot Aqroparkda “İSFA” MMC, “XAR AGRO” MMC, “AGROTOP” MMC və fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib. Rezidentlər tərəfindən 177.4 hektar sahədə investisiya həcmi 4.3 mln. manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salınacaq, 53 nəfər daimi, 187 nəfər isə mövsümi işlə təmin ediləcək", - nazir qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanın 32 rayonunda 51 aqroparkın yaradılması istiqamətində işlər aparılır. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq, ikisi isə emal sənayesi üzrə ixtisaslaşıb. Adıçəkilən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.