...

Sahibkarların yaşıl enerji və təmiz ətraf mühit istiqamətində də fəaliyyətlərinə dəstək olmağa hazırıq - KOBİA İdarə Heyətinin sədri

İqtisadiyyat Materials 30 May 2023 15:32 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

KOBİA ictimai nəzarətin təmin olunması, işgüzar dairələrin məlumatlandırılması, biznesin müxtəlif sahələri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır.

Trend xəbər verir ki, bunu “Yaşıl enerji və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Orxan Məmmədov çıxışında bildirib:

"İlk öncə hər birinizi KOBİA adından salamlayır və dəyərli zamanınızı ayırıb tədbirə qatıldığınız üçün təşəkkür edirəm.

Bildiyiniz kimi, Agentlik yanında İctimai Şura mandatına uyğun olaraq daim iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq müzakirələr təşkil edir. KOBİA ictimai nəzarətin təmin olunması, işgüzar dairələrin məlumatlandırılması, biznesin müxtəlif sahələri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır.

Qeyd edim ki, bugünkü tədbir cari il ərzində toplaşdığımız üçüncü ictimai müzakirədir.

Bilirik ki, artıq dünya ölkələri sürətlə bərpa olunan alternativ enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilir.

Düzdür, hazırda dünyada elektrik enerjisinin əldə edilməsində alternativ və bərpa olunan enerji mənbələrinə nisbətən ənənəvi enerji mənbələrindən daha geniş istifadə edilir. Lakin bu nisbət getdikcə dəyişməyə doğru gedir. Hesablamalara görə, gələcəkdə dünyada alternativ enerji mənbələri elmi-texniki tərəqqi və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaqdır.

Bu gün artıq ölkəmizdə bu istiqamətdə yeni strategiya formalaşmışdır. Bu strategiya Azərbaycanın Bərpa olununan enerji mənbələrəri hesabına enerji istehsalını və onun ixrac məsələlərini əhatə edir. Bu strategiya ilk növbədə ətraf mühitə tullantıların azaldılmasına, ikincisi tükənməyən resurslarla davamlı enerji əldə edilməyə, üçüncüsü, ənənəvi enerji mənbələrinə qənaət və yeni ixracı özündə birləşdirməyə xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı olduqca genişdir.

Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə ““Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu tədbirlərin icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə alternativ və bərpa olunan enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır.

Biz KOBİA olaraq, alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində daim ciddi səylə çalışmağa davam edirik. Belə ki, Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi bizim belə fəaliyyət istiqamətlərindən biri olduğu üçün alternativ enerjiyə yönəlik olan layihələrə xüsusi önəm veririk. Belə ki, yeni tipli, külək enerjisi turbinlərinin yaradılmasını özündə ehtiva "Kuleko" layihəsi, dəyişən materiallardan istifadə etməklə Günəş Panellərinin soyudulması və effektivliyinin artırılmasına imkan verən “Faza” layihəsi, enerji əldə etmək məqsədilə ixtira edilən “Tullantı sularından elektrik enerjisi istehsal edən qurğu” layihəsi məhz qrant proqramı çərçivəsində tərəfimizdən maliyyələşdirilmişdir.

Bu siyahını artırmaq mümkündür. Amma biz təkcə maliyyələşdirmə istiqamətdində deyil, eyni zamanda bu istiqamətə uyğun fəaliyyət göstərən subyektlərə startap şəhadətnamələri də vermişik. Hansı ki, onlar bu şəhadətnaməni aldıqdan sonra 3 il müddətində vergidən azad olunurlar.

Eyni zamanda sahibkarlar üçün mütəmadi olaraq “Yaşıl iqtisadiyyatın təşviqi”nə aid mövzularda təlimlər təşkil edilmiş, habelə sərgilərdə bir sıra sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsinə də tərəfimizdən dəstək göstərilmişdir.

Fürsətdən istifadə edərək bu istiqamətlərdə fəaliyyət göstərmək istəyən sahibkarları Agentliyin mövcud dəstək mexanizmlərindən yararlanmağa dəvət edirik.

Biz beynəlxalq təşkilatlarla da bu istiqamdə fəaliyyətə sıx önəm veririk. Hər il davam edən KOBİA-nın üzv olduğu Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 18-ci Toplantısı Bakıda keçirilmiş, KOBİA-nın birgə təşkilatçılığı ilə keçirilmiş bu tədbir məhz “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuşdur.

Əlavə olaraq, Avropa İttifaqının “EU4Envinroment” proqramı çərçivəsində KOBİA və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü ilə istehsal və emal sahəsində fəaliyyət göstərən müəssisələr üçün resurs səmərəliliyinin və qənaətli istehsalın ölçülməsinə dəstək məqsədilə özünüqiymətləndirmə platforması yaradılmışdır. Bu platforma vasitəsilə müəssisələr fəaliyyətlərinin ətraf mühitə təsirini, su və enerji istifadəsinin səmərəliliyini, tullantıların “yaşıl idarəetməsi”ni onlayn formada qiymətləndirə bilərlər.

Bir sözlə, KOBİA olaraq yaşıl enerji, təkrar xammal emalı və dairəvi iqtisadiyyat sahəsində olan şirkətlərin dəstəklənməsi üçün müxtəlif istiqamətli fəaliyyətimizi davamlı həyata keçiririk.

Sonda mövzunun aktuallığına qayıdaraq, bu sahədə dövlət proqram və sənədlərində qarşıya qoyulmuş hədəflərə uyğun aşağıdakı çağırışları diqqətə çatdırmaq istərdim.

- Aidiyyəti dövlət qurumları və assosiasiyalar sahibkarlarla birgə müxtəlif sahələrdə ekoloji təmiz texnologiyaların tətbiqinin əhəmiyyətliliyini, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası istiqamətində təşviq tədbirlərini davam etdirməlidir.

- Müəssisələrdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi sahəsində birgə tədbirlər görülməli və təbliğat işləri aparılmalıdır.

- Son dövrlər Agentliyə daxil olmuş müraciətlər sırasında suvarma problemləri ilə bağlı məsələlər getdikcə artır. Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. Məlumdur ki, təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar qaçılmazdır. Bu baxımdan, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə su ehtiyatlarının düzgün idarə olunması sahəsində tədbirlər gücləndirilməlidir. Müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən ağıllı texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır.

- Torpaqla bağlı problemlər də bu siyahıdan yan keçmir. İstifadəsiz və yararsız torpaqlarla bağlı işlərin daha da sürətləndirilməsi vacibdir. Ölkədə yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməklə mövcud resurslarımızın bərpa edilməsi istiqamətində müvafiq qurumların həyata keçiridiyi tədbirlər daha da gücləndirilməlidir.

- Bir sözlə, aidiyyəti qurumlar ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması və resurslardan səmərəli istifadənin təmin edilməsi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təbliğ edilməsi, o cümlədən uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli istiqamətində birgə səyləri daha da artırmalıdır.

Qeyd olunanlar ekoloji tarazlığın beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə də mühüm töhfə olacaq, o cümlədən ətraf mühitin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Bu kimi tədbirlər, həm də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının formalaşmasına imkan yaradacaqdır.

Sonda bir daha vurğulamaq istərdim ki, KOBİA olaraq digər sahələrdə olduğu kimi, sahibkarlarımızı yaşıl enerji və təmiz ətraf mühit istiqamətində də fəaliyyətlərinin inkişafına, problemlərinin həllinə hər zaman dəstək olmağa hazır olduğumuzu və bu missiyamızı bundan sonra da davam etdirəcəyimizi bildiririk.

Bugünkü tədbirdə məhz bu istiqamətdə daha səmərəli nəticələrə nail olmağa imkan verəcək maraqlı müzakirələrin aparılacağına və səmərəli təkliflərin veriləcəyinə ümidvar olduğumu xüsusi vurğulamaq istərdim.

Diqqətinizə görə minnətdarlığımı bildirir, tədbirin işinə uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti