Bakı. Trend:
Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və onların qohumları ilə bağlı yeni qadağa müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsnin bu gün keçirilən iclasında müzakirə edilən “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.
Hazırda isə bu tələb belədir: Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər.