...

İnflyasiya ilə bağlı İşçi qrup yaradıldı

İqtisadiyyat Materials 17 İyul 2023 10:15 (UTC +04:00)
İnflyasiya ilə bağlı İşçi qrup yaradıldı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri İşçi qrupun rəhbəri təyin olunub.

İşçi qrupun üzvləri aşağıdakılardır:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.

İşçi qrupuna tapşırılır ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Sənəddə qeyd edilir ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib.

"Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.

Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır.

Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti