Bakı. Trend:
Rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiya tətbiq ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.
Maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək.
Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin
qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi
sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin
layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı,
biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın
təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə
sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi
əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda
istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin
keyfiyyətinin daha da artırılmasını hədəfləyir.