...

Beynəlxalq Yol Daşımalarından istifadə etməklə Orta Dəhlizin potensialının inkişafı "CEVA Logistics"in planlarına daxildir - Kelvin Tan (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 23 Dekabr 2023 19:19 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Yol Daşımalarından (BYD) istifadə etməklə Orta Dəhlizin potensialının inkişafı "CEVA Logistics"in planlarına daxildir.

Bu barədə Trend-ə özəl müsahibəsində "CEVA Logistics"in transsərhəd və multimodal daşınmalar üzrə rəhbəri Kelvin Tan deyib.

""CEVA Logistics"in planlarına həm Orta Dəhliz kimi mövcud marşrutların optimallaşdırılması, həm də maraqlı bütün tərəflər üçün sərfəli dinamik və operativ ticarət şəbəkəsinin inkişafı üçün yeni imkanların axtarışı daxildir", - o deyib.

Tan "CEVA Logistics"in Çindən Qərbə uzanan ticarət marşrutlarının gələcək inkişafına çalışdığını və bu prosesə Mərkəzi Asiya ölkələrini aktiv cəlb etdiyini vurğulayıb.

"Hazırda "CEVA Logistics" misal üçün, Türkmənistanla dəmir yolu əlaqəsindən istifadə etməklə Mərkəzi Asiyada əsas iqtisadi mərkəzlərlə birləşmək üçün şəbəkəni genişləndirməyin məqsədəuyğunluğunu qiymətləndirir. Bu genişləndirmək böyük əhatə dairəsini təmin etmək və Çinlə Qərb ölkələri arasında fasiləsiz ticarətə imkan yaratmaq məqsədi daşıyır", - o deyib.

Tan Çin-Qırğızıstan-Özbəkistan dəhlizində BYD prosedurlarının sadələşdirilməsinin transsərhəd daşımalarının sürətləndirilməsinə imkan yaratdığını qeyd edib.

"BYD sisteminin tətbiqi sayəsində bu dəhlizin inkişafı xüsusən transsərhəd yük daşımaları sahəsində nəzərə çarpan olub. Hazırda dəhlizlə hər gün 500-dən çox yük maşını keçir və bu rəqəm artmağa davam edir. BYD fəaliyyət modelinin tətbiqi mühüm üstünlüklər nümayiş etdirib: sifarişin icra müddətinin 30 faiz qısalmasını və xərclərin 10 faiz azalmasını təmin edib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, sadələşdirilmiş BYD prosedurları təkcə transsərhəd daşınmalarının sürətlənməsinə deyil, həm də əməliyyat xərclərinin mühüm dərəcədə azalmasına səbəb olub. Effektivliyin artması həm icra müddətinin qısalmasına, həm də regionda logistika əməliyyatlarının maliyyə aspetklərinə təsir göstərib.

Bundan başqa, Tan bildirib ki, "CEVA Logistics" BYD prosedurlarının Mərkəzi Asiya regionlarında müxtəlif marşrutlara tətbiq olunma imkanlarını öyrənir. Hazırda bütün Mərkəzi Asiya ölkələri BYD Konvensiyasına qoşulub ki, bu da beynəlxalq daşıma prosedurlarının sadələşdirilməsi istiqamətində vahid səylərdən xəbər verir.

"Mərkəzi Asiyaya diqqətimizdən əlavə, hazırda Çindən Qırğızıstan və Özbəkistan vasitəsilə Qafqaz, Türkiyə və Avropa istiqamətində uzanan dəhlizin genişləndirilməsi ilə məşğuluq. Strategiyamız Çinin əsas şəhərlərindən Qaşqar (Çin) stansiyasına dəmir yolu daşınmalarını da əhatə edən multimodal həllin reallaşdırılmasını, daha sonra Qırğızıstan və Özbəkistan vasitəsilə beynəlxalq yük daşımalarına keçidi nəzərdə tutur", - o deyib.

Tan həmçinin "CEVA Logistics"in kompleks multimodal həll tətbiq etməklə yük və dəniz daşımalarını birləşdirən Qaşqar-Pakistan marşrutunun genişləndirilərək Dubay və daha sonra Afrika istiqamətində uzadılması üzərində işlədiyini bildirib.

"Bu strateji yanaşma beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif regionlarda səmərəli logistika həllərinə imkan yaradılması üzrə öhdəliklərimizə uyğundur", - o deyib.

Bundan başqa, "CEVA Logistics"in regional hökumətlər və tərəfdaşlarla fəal əməkdaşlıq etdiyi qeyd olunub. Şirkətin inkişa etmiş infrastrukturu Çinin Qaşqar şəhərində yaxşı təchiz olunmuş habı və Özbəkistanda "door to door" (qapıdan qapıya) logistika xidmətlərinin fasiləsiz göstərilməsini, eləcə də Özbəkistanda malların distribusiyasını dəstəkləyən habı əhatə edir

Tanın sözlərinə görə, 2023-cü ilin iyul-sentyabr ayları ərzində "CEVA Logistics" İpək Yolunun iki aparıcı dəmir yolu operatorları ilə strateji tərəfdaşlığı möhkəmləndirib ki, bu da Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə dəmir yolu və multimodal (dəmir yolu daşımaları + TIR daşımaları) yüklərin idxalı və ixracı üzrə biznesin gələcək inkişafı yolunda mühüm addım olub.

""Xian Railway" və "Guangwu Railway" ilə strateji əməkdaşlıq sazişi imzalamışıq. Bundan başqa, tərəfdaşlarımızla Qırğızıstan sərhəddi yaxınlığında konsolidasiya habının yaradılması üzrə fəal əməkdaşlıq edirik. Bu təşəbbüs BYD şəbəkələrimizin genişləndirilməsinə və əsas diqqəti oraya və əks istiqamətdə səmərəli daşıma həcmlərinin əldə olunmasına yönəltməklə yük avtomobillərindən istifadənin optimallaşdırılmasına yönəlib. Bu birgə başlanğıclar tərəfdaş əlaqələrimizin möhkəmlənməsinə və regionda logistika təşəbbüslərimizin uğurlu icrası üçün yerli təcrübənin istifadəsinə sadiqliyimizi vurğulayır" - o deyib.

Şirkətin fəaliyyətindən danışan Tan qeyd edib ki, "CEVA Logistics"in məqsədi Çin-Qırğızıstan-Özbəkistan yük marşrutu üzrə BYD prosedurlarının tətbiqi hesabına zamanın qısalması və xərclərin azalmasına nail olmaqdan ibarətdir.

"Almatı və Bişkekə yükün "qapıdan qapıya" çatdırılma vaxtını 5 gün, Daşkəndə 7 gün azaltmağa çalışırıq ki, bu da çatdırılma vaxtının adi daşınmalarla müqayisədə 40 faiz azalması deməkdir. Bundan başqa, vəsaitdə 30 faiz azalma gözləyirik", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti