...

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 18 Mart 2025 21:50 (UTC +04:00)
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.

Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların və regional maliyyə müfəttişliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, ötən il Azərbaycan üçün uğurlu il olub, mühüm ictimai-siyasi hadisələrlə yadda qalıb. Ölkəmizin bütün əraziləri üzərində dövlət suverenliyi tam bərqərar etdikdən sonra keçirilən ümumxalq seçkilərində – fevral ayında prezident, sentyabr ayında isə Yeddinci çağırış Milli Məclisə seçkilərdə xalqımız birlik və mütəşəkkillik göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin davam etməsinə və bununla da sabitliyə, iqtisadi tərəqqiyə, firavan həyata səs verib. İlin digər əlamətdar hadisəsi isə Bakı şəhərində yüksək səviyyədə təşkil edilən COP29 iqlim konfransında Azərbaycanın möhtəşəm təşkilatçılığı və bütün dünyaya verilən cəsarətli mesajlar dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb.

Kollegiyanın sədri qeyd edib ki, il ərzində bütün prioritet sahələr üzrə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi və digər ümdə vəzifələr uğurla icra olunub.

İclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib. Qeyd olunub ki, 2024-cü ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümumilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülür.

Bildirilib ki, Xidmətin cari il üçün iş planına daxil edilən nəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.

S.Babayev qarşıdakı dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılmasını, təhlillərin və monitorinqlərin əhatə dairəsinin genişləndirilməsini Xidmət qarşısında əsas vəzifə kimi müəyyənləşdirib. Nazir nəzarət obyektinə getmədən təhlil metodu ilə nəzarət tədbirlərinin aparılmasına dair ilkin modelin hazırlanması, praktik nəzarət tədbirlərinin operativliyinin təmin edilməsi məqsədilə təkliflərin hazırlanmasını tapşırıb.

Kollegiya iclasında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın maliyyə təminatı və icra vəziyyətinə dair təqdimat olub. Bütünlüklə Azərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilən Dövlət Proqramına əsasən həyata keçirilən investisiya təyinatlı layihə və tədbirlərə 2020-2024-cü illərdə dövlət büdcəsindən ümumilikdə 17,55 milyard manat, o cümlədən, 2020-ci ildə 55 milyon manat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manat maliyyə vəsaiti ayrılıb.

Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki, nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları, məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı və meliorasiya sahəsi, sosial sahələr və kommunal sektor, hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə və tədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinə uyğun olaraq tam təmin edilib.

Nazir S.Babayev dövlət büdcəsinin əsaslı xərclərinin ən prioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən tədbirlər üçün zəruri maliyyə təminatının yaradılmasının daim diqqət mərkəzində olduğunu, büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbər edildiyini diqqətə çatdırıb.

İclasda Maliyyə Nazirliyində sənəd menecmenti sahəsində işlərin gedişi və nəticələrinə dair məruzə dinlənilib, sənəd menecmentinin rəqəmsallaşdırılması və elektron xidmətlərin genişlənməsinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, Maliyyə Nazirliyində sənəd menecmentinin rəqəmsallaşdırılması çərçivəsində Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) və digər elektron platformalar vasitəsilə dövlət qurumları arasında informasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb. 2024-cü ildə BMİS vasitəsilə 10125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub və 874 aktiv istifadəçi qeydiyyata alınıb. Sistemin inteqrasiyası nəticəsində büdcə göstəriciləri və əlavələri elektron qaydada təqdim edilərək, dövlət və icmal büdcəsinin tərtibi prosesi sürətləndirilib. Bundan başqa, Nazirlik tərəfindən “e-mühasibat”, “e-azadolma” və “QHT-hesabat” sistemləri tətbiq edilməklə maliyyə və mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsi genişləndirilib.

Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr barədə danışan S.Babayev bildirib ki, ilk növbədə şəffaflıq tam təmin olunmalı, təhillər aparılmalı, büdcə təşkilatları ilə münasibətdə süründürməçiliyə yol verilməməli, ədalətli yanaşma, operativlik və səmərəlilik təmin olunmalıdır. Nazir qarşıdakı dövrdə büdcə proqnozlaşdırılması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, ehtiyatların müəyyən edilməsi və lüzumsuz xərclərin azaldılması, ölkə üzrə əmək haqqı xərclərinin avtomatlaşdırılması, saxlanma xərclərinin standartlaşdırılması, əsaslı vəsait qoyuluşu xərclərində nəticə əsaslılığının təmin olunması, maliyyə iqtisadi əsaslandırmanın müvafiq standartının, vahid formasının yaradılması istiqamətində ardıcıl addımların atılacağını qeyd edib.

S.Babayev yeni yaradılması və ya təkmilləşdirilməsi zəruri olan elektron sistemlər və ya altsistemlər üzrə Maliyyə Nazirliyinin rəqəmsal transformasiya strategiyasına uyğun rəqəmsal yol xəritəsinin hazırlanması, dövlət maliyyə vəsaitlərinin uçotu, bölgüsü, istifadəsi və hesabatlılığını təmin edən təkmil elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, vahid məlumat bazasının dövlət maliyyə vəsaitlərinin real vaxt rejimində vəziyyəti, dövriyyəsi və məqsədyönlü istifadəsi ilə bağlı məlumatların toplanılması və təhlili üçün imkanların yaradılmasının vacibliyini bildirib.

Kollegiyanın sədri, həmçinin 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti