Bakı. Trend:
Elektromobillərin populyarlaşmasına baxmayaraq, Özbəkistanda ənənəvi yanacaq növlərinə daha çox tələb var.
Trend xəbər verir ki, bunu “PanAsia Group” şirkətinin kommersiya direktoru Rüstəm Nurbayev Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Özbəkistanda ekoloji cəhətdən təmiz texnologiyalara artan marağa baxmayaraq, metan və “80” markalı benzin kimi ənənəvi yanacaq növləri enerji mənbəyi olaraq əsas rolu qoruyub saxlayacaq.
“Metan əhəmiyyətli dərəcədə ucuz olaraq qalmaqdadır və əhali onu istifadə etməyə davam etdikcə, bu yanacağın Özbəkistanın enerji sistemindəki rolu itməyəcək”, – deyə Nurbayev bildirib.
O vurğulayıb ki, böyük şəhərlərlə müqayisədə, alternativ enerji mənbələrinin istehlakı artsa da, Özbəkistanın regionlarında yeni texnologiyalar üçün infrastruktur hələ inkişaf etmədiyindən ənənəvi yanacaq növləri əsas olaraq qalacaq.
R. Nurbayev onu da əlavə edib ki, elektromobillərin sayının artması ənənəvi yanacaqlara olan tələbatı ciddi şəkildə azaltmayacaq.
“Mən düşünmürəm ki, elektromobillərin artması Özbəkistanda benzinin istehlakına ciddi təsir edəcək”, – deyə o qeyd edib.
Ekspert əvəzində yeni yolların və metallurgiya zavodları kimi obyektlərin tikintisi fonunda dizel yanacağına artan tələbatı vurğulayıb.