Bakı. Trend:
ABŞ Ticarət Palatası ABŞ-nin Ticarət və Xarici İşlər nazirlikləri ilə birgə Azərbaycanla tarixdə ilk dəfə ikitərəfli biznes missiyasını təşkil edəcək.
Trend ABŞ Ticarət Palatasına istinadən xəbər verir ki, missiya 9–10 fevral tarixlərində Bakıda keçiriləcək.
Qeyd olunur ki, iki günlük tədbir çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti Amerika şirkətlərinin Azərbaycan hökumətinin rəhbər şəxsləri, dövlət müəssisələri və energetika, müdafiə, kənd təsərrüfatı, rəqəmsal inkişaf, nəqliyyat, səhiyyə, maliyyə və investisiya sahələrində aparıcı özəl sektor iştirakçıları ilə birbaşa qarşılıqlı əlaqəsini təmin edəcək.
Qeyd edək ki, 12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Konqresin Nümayəndələr Palatasının və Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşlər keçirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud və Nümayəndələr Palatasının Energetika, su təchizatı və əlaqədar qurumlar üzrə Alt Komitəsinin üzvü olan respublikaçı konqresmen Den Nyuhauz ilə görüşlər zamanı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yeni mərhələdə uğurlu enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin regional enerji təminatına verdiyi davamlı töhfə nəzərdən keçirilib. Xüsusilə Transadriatik Boru Kəmərinin həyata keçirilməsində ABŞ Prezidenti Donald Trampın həlledici rolu qeyd edilib.
Vurğulanıb ki, ABŞ Prezidentinin hazırkı regionda sülhün bərpasına yönəlmiş siyasəti fonunda “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”, eləcə də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumu enerji tərəfdaşlığımız üçün yeni imkanlar açır. Regional enerji əlaqələrinin strateji tərəfdaşlıq münasibətlərinin mühüm komponenti olduğu bildirilib və bu çərçivədə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi axınlarını təmin edəcək layihələrin əhəmiyyəti nəzərdən keçirilib.
2025-ci ildə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 557 milyon ABŞ dolları təşkil təşkil edib.
