Bakı. Trend:
Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmi təkmilləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borclu olacaq.
Qüvvədə olan qanunvericiliyə görə, rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
