2002-ci il, AMMB fəaliyyəti başladığı andan, Bankın əməkdaşlarından biri olan Anar Həsənov, əməliyyat Departamentinin rəhbəri vəzifəsində çalışan LFS konsultantı xanım Klaudiya Mülleri əvəz edərək İdarə Heyətinin üzvü təyin edilmişdir. Bu qərar, Anar Həsənov Milli Bankda attestasiyadan müvəffəqiyyətlə keçdikdən sonra qüvvəyə minmişdir. Xanım Klaudiya Müller isə AMMB-də işlədiyi iki il ərzində Pərakəndə Bankçılıq və əməliyyat Departamentlərini uğurla yaradıb inkişaf etdirdikdən sonra LFS-in Berlindəki qərargahına qayıdır.
AMMB əməkdaşları mütəmadi olaraq xarici konsultantlar tərəfindən təlimləndirilir. Bankın əsas missiyalarından biri yerli rəhbər işçilərin bankda vəzifə yüksəlişinə nail olmalarından ibarətdir. Bugün AMMB-də 550-dən artıq işçi çalışır və rəhbər vəzifələri yerinə yetirənlərin demək olar ki, hamısı azərbaycanlılardır.
AMMB-ni yaratmaqda məqsəd, kiçik biznesə dəstək verməklə, Azərbaycanda iqtisadiyyatı, yerli heyəti təlimləndirməklə isə bank sferasını inkişaf etdirməkdən ibarət olmuşdur.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% xarici kapitala malikdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı Almaniya hökuməti yanında fəaliyyət göstərən KfW Alman İnkişaf Bankı, LFS Financial Systems GmbH alman konsaltinq Şirkəti və mikromaliyyələşdirmə sahəsində dünya liderlərindən biri olan Access Holding təşkilatları kimi altı təsisçinin mülkiyyətindədir.