...

"StatoilHydro" və "Ernst & Young" Azərbaycan Dövlət İqtisad Universitetində birgə təqdimat tədbiri keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Ernst & Young" şirkətinin məlumatında bildirilir ki, 7 dekabr 2007-ci il tarixində "Ernst & Young" və qlobal neft və qaz istehsalçısı "StatoilHydro" nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun (XİQ) 4-cü kurs tələbələri üçün birgə təqdimat tədbiri keçiriblər.

"StatoilHydro" şirkətinin Baş maliyyə müşaviri Emin Xəlilov, "Ernst & Young" şirkətinin audit üzrə baş eksperti Camal Həsənov və kursun təlimatçısı və "Ernst & Young" şirkətinin audit üzrə baş eksperti Söhrab Fərhadov tələbələrlə neft və qaz sahəsi ilə bağlı mühasibat məsələlərini müzakirə ediblər. Müzakirə zamanı Azərbaycanda neft və qaz sahəsində irəliləyişlər, "StatoilHydro" şirkətinin Azərbaycanda fəaliyyəti və mühasibat uçotu ilə bağlı xüsusi məsələlərə toxunulub. Qeyd olunub ki, neft və qaz sahəsində mühasibat uçotu inkişaf etməkdədir, müxtəlif milli və beynəlxalq sistemlər fərqlənən yanaşmaların bir araya gətirilməsinə çalışırlar. Mühasibat uçotu sahəsində ciddi hazırlığı olan tələbələr təqdimatçılarla geniş müzakirələr aparıblar.

Təqdimat aparıcı qlobal peşəkar xidmətlər şirkəti olan "Ernst & Young" tərəfindən mühasibat uçotu mövzusunda təşkil edilmiş kurs çərçivəsində aparılıb. XİQ tələbələri üçün bu kurs artıq ikinci ildir ki, təşkil olunur. Təqdimat keçən il "StatoilHydro" nümayəndəsi tərəfindən keçirilmiş təqdimat təcrübəsi əsasında qurulub. Kursun təşkilatçıları inanırlar ki, tələbələrin akademik biliklərinin praktiki nümunələrlə təmasda olmasını təmin etmək üçün standart təlim kurslarına bu cür müasir mexanizmlər də daxil edilməlidir və bu cür təşəbbüsləri dəstəkləyirlər. Bu cür tədbirlər həm tələbələri, həm də şirkət nümayəndələrini yeni işə düzəlmə/ştat toplama imkanları ilə təmin edir.

"StatoilHydro" ən iri qlobal neft və qaz şirkətlərindən və Azərbaycanda neft və qaz istehsalı sahəsində mühüm xarici sərmayəçilərdən biridir. 33 ölkədə nümayəndəliyi olan bu şirkət həmin ölkələrin 15-də kəşfiyyat və hasilatla məşğul olur. Şirkətin baş ofisi Norveçin Stavanger şəhərində yerləşir.

Peşəkar xidmətlərin göstərilməsində qlobal lider olan "Ernst & Young" şirkəti maliyyə hesabatlarının keyfiyyətini təkmilləşdirmək üçün səylərini əsirgəmir. 140 ölkədə 133,000 işçi audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərinə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyəli düzlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. "Ernst & Young" bütün MDB-də on üç ofisdə çalışan 3,000 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.

Xəbər lenti

Xəbər lenti