...

Azərbaycan Qırğızıstan iqtisadiyyatına investisiya yatırmaq üçın böyük imkanlara malikdir - Baş nazir İqor Çudinovla müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 11:00 (UTC +04:00)
Azərbaycan Qırğızıstan iqtisadiyyatına investisiya yatırmaq üçın böyük imkanlara malikdir - Baş nazir İqor Çudinovla müsahibə

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir A.Bədəlova/ Qırğızıstanın Baş naziri İqor Çudinovla Bakıya yazda gözlənilən səfəri ərəfəsində Trend ın müsahibəsi

- Son iki ildə Azərbaycan-Qırğızıstan münasibətləri xüsusi dinamikaya malikdir. Sizin fikrinizcə, yaxın illərdə hansı sahələr prioritet olacaq və hansı iqtisadi əməliyyatlar hesabına bizim ölkələr arasında mal dövriyyəsini yaxşılaşdırmaq olar?

- Əvvəlcədən qeyd etmək istəyirəm ki, Qırğızıstan Respublikası qarşılıqı etibar, bir-birinin maraqlarına hörmət əsasında Azərbaycanla dostluq münasibətlərinin gələcək inkişafına böyük əhəmiyyət verir. Həqiqətən də, son iki ildə bizim qardaş ölkələrimiz arasında münasibətlər daha fəal olub. Hər iki ölkə lideri çoxtərəfli forumlar çərçivəsində (2006-cı ilin noybarında Türkiyədə türkdilli ölkələrin sammiti) görüşməyə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi rəsmi səfərlə Azərbaycana dəvət edib. 2007-ci ildə Bişkekdə Azərbaycanın səfirliyi açılıb.

Bizim ölkələrimiz arasında prioritet əməkdaşlıq sahələrinə gəldikdə isə, bizim rəyimizcə bunlar ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq sahələridir. Əgər statistikaya müraciət etsək görərik ki, son iki ildə Qırğızıstanın xarici ölkələrlə ümumi mal dövriyyəsində Azərbaycanın xüsusi çəkisi yarım faizdən azdır və Azərbaycan ticarət balansında Qırğızıstanın üstünlük təşkil etdiyi ölkələrdən biridir. Əlbəttə, bu qırğız tərəfi üçün tərif kimi səslənir, amma razılaşın ki, Azərbaycanın 2006-cı ildə iqtisadi artım templərinə görə mütləq dünya lideri olduğunu nəzərə alsaq, real mənzərə bir az darıxdırıcıdır. Bundan əlavə, iki xalqı çox şey birləşdirir - tarixi ümumilik, təfəkkür və hətta dil oxşarlığı. Yeri gəlmişkən, ticarət münasibətləri məsələsini biz Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayevlə müzakirə etmişik. Sizin diplomat bildirib ki, mövcud mal dövriyyəsi çox cüzidir. Biz hesab edirik ki, ticarətdə belə vəziyyət iki ölkənin real imkanlarına cavab vermir və onları inkişaf etdirmək lazımdır.

(Məlumat üçün: Qırğızıstan İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2007-ci ilin 9 ayı ərzində Azərbaycanla mal dövriyyəsi $3,5 mln. təşkil edib. Bu göstərici 2006-cı ilin yanvar-sentyabrında $8,7 mln. olub. Mal dövriyyəsinin ixtisarı aviakerosin gətirilməsinin dayandırılmasına görə Azərbaycandan idxal mallarının azalması ilə əlaqədardır).

Bizim ölkələrimiz arasında mal dövriyyəsini artırmaq üçün qırğız tərəfi Azərbaycan bazarına elektrik lampaları, təbəqə şüşəsi (alman texnologiyası ilə istehsal edilir), şifer, qida məhsulları və Azərbaycan tərəfini maraqlandıran digər mallar tədarük edə bilər. Eyni zamanda, bizim Azərbaycandan münasib qiymətlə neft məhsulları, o cümlədən aviakerosin tədarükünə ehtiyacımız var.

Hazırda Azərbaycan iqtisadiyyatı intensiv templərlə inkişaf edir və buna görə də sizin ölkə Qırğızıstan iqtisadiyyatına investisiya yatırmaq baxımından böyük imkanlara malikdir. Xüsusən də, Qırğızıstan hökuməti hazırda fəal şəkildə ölkənin investisiya reytinqinin artırılması məsələsini hazırlayır. Biz bu işə Dünya Bankı, AİB kimi tanınmış beynəlxalq təşkilatları cəlb edirik. İstəyirik ki, Qırğızıstanda biznesin aparılması qaydaları daha qabaqcadan görülə bilən və şəffaf, bütün potensial investorlar üçün aydın olsun. Bizim Azərbaycan biznesmenlərinə təkliflərimiz var.

Düşünürəm ki, ikitərəfli ticari-iqtisadi münasibətlərin uğurlu inkişafı üçün Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının işinin fəallaşdırılması vacib mexanizmdir. Biz bu məsələni səfir (Azərbaycanın) Ağayevlə də müzakirə etmişik. Bildirim ki, bu məsələdə bizim vahid rəyimiz var və həm qırğız, həm də Azərbaycan tərəfi yaxşı başa düşür ki, iqtisadi əməkdaşlıq vektorlarını müəyyən etmək və bu istiqamətdə öz səylərimizi artırmaq lazımdır. Bundan əlavə, bizim ölkələrimiz birlikdə ölkələrimiz arasında iqtisadi sahədə imzalanan hüquqi-normativ sənədlərin bir qədər təftişini aparmalıdır.

Ola bilsin ki, Qırğızıstan və Azərbaycanın işgüzar dairələrinin biznes-forumunu keçirmək lazımdır. Bu iki ölkənin sahibkarları arasında birbaşa əlaqənin qurulmasına kömək edəcək. Bundan əlavə, tərəflər bir-birinə birgə investisiya layihələri təqdim edə bilərlər. Qeyd etməliyəm ki, bu, ikitərəfli münasibətlərdə çox effektli alət və "xalq diplomatiyasının" az vacib olmayan tərəflərindən biridir. Axı ticarət qədim zamanlardan möhkəm ikitərəfli münasibətlərin yaranmasına yaxşı kömək edir.

- Qırğızıstan prezidentinin Azərabaycana rəsmi səfəri hansı dövrə planlaşdırılıb? Bu səfər çərçivəsində ilk növbədə hansı məsələlər müzakirə ediləcək?

- Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin Azərbaycana rəsmi səfəri ilkin olaraq bu ilin ikinci rübünə planlaşdırılıb. Dəqiq tarix əlavə olaraq müəyyənləşdiriləcək. Əsas məsələ - Azərbaycan Respublikası ilə dialoqun yaradılmasıdır. Yəqin sizə məlumdur ki, son 11 ildə bizim ölkələrimiz arasında yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilməyib. Bu zaman ərzində həm Qırğızıstanda, həm də Azərbaycanda bizim qardaş xalqlarımızın dost və qarşılıqlı əlverişli əlaqələri davam etdirmək səy və arzularından başqa, çox şey dəyişib. Bundan əlavə, ticari-iqtisadi və mədəni-humanitar məsələlər müzakirə ediləcək.

- MBD-nin Bişkekdə keçiriləcək qarşıdakı payız sammitinə hansı hazırlıq işləri görülür?

- 2008-ci ilin sentyabrında Bişkekdə MDB dövlət başçıları Şurasının növbəti iclasının müvəffəqiyyətlə keçirilməsi üçün Qırğızıstan Respublikası prezidentinin sərəncamı ilə bu iclasın hazırlıq işləri, təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Yanvarda Qırğızıstan Respublikası prezidentinin Administrasiyası rəhbərinin sədrliyi ilə bu Komitənin birinci müşavirəsi keçirilib.

Bundan əlavə, tədbiri yüksək səviyyədə keçirmək üçün nazirlik və idarələrlə digər təşkilati işlər aparılır. Bizim ötən ilin avqustunda Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi ilə bağlı yaxşı təcrübəmiz var. Buna görə də mən əminəm ki, bu tədbiri lazımi səviyyədə keçirəcəyik.

Xəbər lenti

Xəbər lenti