...

Azərbaycanda prosessinq mərkəzinin beynəlxalq auditi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir İ.Xəlilova /

"Baker & Tilly" beynəlxalq audit şirkəti "Milli Kart" Məhdud Məsuliyyətli Cəmiyyətin 2007 və 2008-ci illər ərzində fəaliyyətinin yekunları üzrə auditini başa çatdırıb. Bu barədə çərşənbə axşamı prosessinq mərkəzinin icraçı direktoru Cəlal Orucov bildirib.

"Hesabatın layihə variantı bizə təqdim edilib, iki həftədən sonra isə "Baker & Tilly" audit nəticələrinin yekun vairantını təqdim etmək niyyətindədir", - deyə Orucov vurğulayıb.

Onun sözlərinə görə, hazırda "Milli Kart"-ın Azərbaycan şirkəti "OMNI" tərəfindən aparılan hüquqi ekspertizasının 90faizi yerinə yetirilib.

"Şirkətin "Milli Kart"-ın nizamnaməsinə dəyişiklikləri təqdim etməsindən sonra biz onları təsisçilər ilə razılaşdıracağıq, sonra isə yekun variant Ədliyyə Nazirliyinə göndəriləcək. Razılaşdırma prosesi aprelin sonu - mayın əvvəlinədək başa çata bilər", - deyə Orucov qeyd edib.

Nizamnamənin dəyişdirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə iştirak payının satışı barədə sövdələşmənin əsas şərtlərindəndir. Yalnız nizamnaməyə düzəlişlərin edilməsindən sonra "Milli Kart"-ın kapitalı yenidən nəzərdən keçiriləcək. Nizamnamə kapitalının artırılması planları AYİB-in prosessinq mərkəzinin təsisçiləri sırasına daxil olması ilə əlaqədardır.

[Avrobank "Milli Kart" ilə mərkəzin kapitalında 10 faizlik iştirak payının alınması barədə müqavilə bağlayıb.]

Mərkəzin kapitallaşdırılması 2009-cu ilin ikinci rübündə başa çatacaq və onun kapitalının hazırkı 4 mln. manatdan 5 mln. manatadək çatdırılması planlaşdırılır.

"Milli Kart"-ın hazırkı təsisçiləri də mərkəzin kapitalında paylarının azalmasından yayınmaq üçün öz paketlərinin təkrar kapitallaşmasında iştirak edə bilər, lakin mərkəz rəhbəri hələ ki, bankın planları barədə ətraflı məlumat verməkdən imtina edib.

MMC, ölkənin 18 yerli kommersiya bankının onu Azərbaycan Milli Bankından almasından sonra 2006-cı il iyulun 14-də təsis edilib. 

Bu gün üçün bankların mərkəzin kapitalında iştiraklarının minimal ölçüsü 1, maksimal isə 10 faiz təşkil edir.

Mərkəzin təsisçiləri bunlardır: Atabank, Azərdəmiryolbank, Azertürkbank, Bank of Baku, Azərbaycan Sənayə Bankı, Debütbank, Əmrahbank, Xalqbank, Kredobank, Azərbaycan Mikromaliyyələşdirmə Bankı, ParaBank, Rabitəbank, Bank Respublika, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbank.

Martın 10-na olan rəsmi məzənnə 0,8048 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti