Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir N.İsmayılova /
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyasının realizəsinə başlayıb. Bu barədə çərşənbə axşamı QKDK aparatının rəhbəri Mehman Abbas deyib.
"Bu konsepsiyanın əsas məqsədi ölkə əhalisinin məlumatlandırılması və maarifləndirilməsidir", - Abbas deyib.
Onun sözlərinə görə, konsepsiya ölkədə kapital bazarının bütün iştirakçılarını - sərmayədarları, emitentləri, peşəkar iştirakçıları, eləcə də KİV-i, ali təhsil müəssisələrinin müəllimlərini və tələbələrini, həmçinin geniş əhali təbəqəsini əhatə edir.
"Bu konsepsiya komitənin internet səhifəsinin, qəzet və nəşrlərin, eləcə də televiziyanın köməyi ilə icra ediləcək", - o deyib.
Onun sözlərinə görə, qiymətli kağızlar bazarı sahəsində ölkə əhalisinin maarifləndirilməsi məqsədilə mümkün nəşrlərin, televiziya proqramlarının, "qaynar xətt"in açılması, seminarlar və dəyirmi masaların təşkili planlaşdırılır. Beynəlxalq ekspertlərlə birgə ixtisaslaşdırılmış lüğət, eləcə də normativ sənədlər toplusu hazırlanaraq dərc olunacaq.
"Bazar iştirakçıları kimi əhalidən arzu edənlərə də təlimlərin keçirilməsi üçün kapital bazalar üzrə tədris mərkəzi açılacaq", - Abbas deyib.
Çərşənbə axşamı bu konsepsiya çərçivəsində komitə tərəfindən Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İsveçrənin Dövlət Katibliyinin iştirakı ilə "Kapital bazarının inkişafında korporativ idarəetmənin rolu" mövzusunda ilk seminar keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]