...

Əhmədinejadın yeni Nazirlər Kabineti və İran iqtisadiyyatının perspektivi - Trend News-un icmalçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2009 09:05 (UTC +04:00)
Əhmədinejadın yeni Nazirlər Kabineti və İran iqtisadiyyatının perspektivi - Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İranın iqtisadi proqramlarını müəyyənləşdirən orqanlardan yalnız birinin (İqtisadiyyat Nazirliyi) Nazirlər Kabinetinə daxil olmasına baxmayaraq, Əhmədinejadın Nazirlər Kabinetinin yeni tərkibi ölkənin iqtisadiyyatına geniş təsir edəcək və bu, danılmazdır. Birinci dövr prezidentliyində (2005-2009) Əhmədinejad neft gəlirlərini "tez səmərə verən iş mərkəzləri"nə ayırmaqla bazara buraxılan vəsaitin həcmini 150 milyard dollara çatdırmışdı ki, bu da 26 faizlik inflyasiyanın yaranmasına səbəb olmuşdu. Mərkəzi Bank isə sonuncu statistikasında inflyasiyanı 21% qeyd etmişdi.

Digər tərəfdən, Dövlət Gömrük İdarəsinin rəsmi məlumatına əsasən, ölkəyə idxal olunan malların həcmi (2008-ci ildə 56 milyard dollar təşkil edib) ixrac olunan mallarla müqayisədə 2,5 dəfə çoxdur. 2007-ci il ilə müqayisədə ölkəyə idxal olunan malların həcmi 30% artıb. Bu isə yerli istehsalçılar və firma sahiblərinin məhsullarının satılmamasına səbəb olub. Əhmədinejadın prezidentlik dövründə neft və neft məhsullarının ixracından 300 milyard dollarlıq vəsaitin ölkəyə daxil olmasına baxmayaraq, Ehtiyat Fondunda yalnız 25 milyard dollar mövcuddur.

Prezident seçkiləri (12 iyun) ərəfəsində Əhmədinejadla rəqabətdə olan namizədlərin əsas tənqid atrəşinə tutduğu sahə iqtisadiyyat idi. Əhmədinejad birinci dövr prezidentliyində üç dəfə Mərkəzi Bankın rəhbərini, iki dəfə isə iqtisadiyyat nazirini dəyişməklə, ölkədə yaranmış iqtisadi durğunluğu və gərgin vəziyyəti düzəldə bilməmişdi.

Hər halda parlament Əhmədinejadın İqtisadiyyat Nazirliyi üçün nəzərdə tutduğu namizədi təsdiq edib və Şəmsəddin Hüseyni rəsmən bu vəzifəyə təyin olunub. Onun bacarığı barədə fikirlər müxtəlifdir. İranın Büdcə və Planlaşdırma Təşkilatının elmi heyətinin üzvü Cəmşid Pəjuyan Trend -a bildirib ki, Hüseyni bir il müddətində həmin nazirlikdə rəhbər vəzifəsində çalışıb və həmin müddətdə nə qədər bacarıqlı və məsuliyyətli olduğunu sübut edib. Lakin Mərkəzi Bankın sabiq baş müşaviri Bijən Bidabad Trend -a bildirib ki, Hüseyni gənc və təcrübəsizdir və onun nazirliyi dövründə iqtisadi problemlər daha da dərinləşəcək.

Maliyyə yardımlarını ləğv etmək planı

Hüseyni parlamentdə çıxışında bir daha maliyyə yardımlarının ləğv olunmasının vacibliyini vurğulayıb. Hazırda hakimiyyətin energetika sahəsinə ayırdığı yardımın illik həcmi 50 milyard dollar təşkil edir və Əhmədinejad çalışır ki, maliyyə yardımlarını ləğv etməklə dövlətin xərclərini azaltsın.

Yardımların ləğv edilməsi və əhaliyə birbaşa maliyyə vəsaitinin ayrılması (adambaşına 50-70 dollar) planının iki il bundan əvvəl və neft qiymətlərinin "pik nöqtəsinə" çatdığı bir vaxtda planlaşdırıldığını nəzərə alsaq, bu layihənin hazırda həyata keçirilməsinin böyük bir risk olduğunu qeyd etmək olar. Ölkədə tarixən enerji istehlakı qiyməti maliyyə yardımı ilə süni şəkildə aşağı səviyyədə saxlanılıb. Bu planın həyata keçirilməsi ilə elektrik, qaz və suyun qiymətinin artma ehtimalı yaranacaq ki, bu da ölkədə digər malların qiymətinin artmasına və inflyasiyaya səbəb olacaq. Digər tərəfdən, xalqa birbaşa maliyyə yardımının verilməsi bazara buraxılmış pulların həcminin artması ilə nəticələnək. Bidabadın fikrincə, ölkədəki inflyasiyanın əsas səbəbi bazara buraxılmış pullardır. Pəjuyan isə düşünür ki, "tez səmərə verən iş mərkəzləri" işsizliyin səviyyətini azaltmayıb, əksinə, işsizləri banka borclu edib.

İranın Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni sentyabrın 3-də bildirib ki, hazırda banklardan alınmış və qaytarılmamış pulların həcmi 40 milyard dollar təşkil edir.

Xarici sərmayələrin cəlbi

Avqust ayında İranın xarici işlər naziri Mənuçöhr Möttəki xarici sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayaraq bildirib ki, ildə 100 milyard dollar xarici sərmayənin ölkədə yatırılmasına ehtiyac var. Lakin İranın "Sərmayə" qəzetinin 990-cı sayının məlumatına əsasən, son 16 ildə ölkəyə yatırılmış xarici sərmayələrin məbləği 5,3 milyard dollar təşkil edir. Buna baxmayaraq, IRINN News xəbər telekanalnın rəsmi saytının avqustun 31-də yaydığı məlumata əsasən, iqtisadiyyat nazirinin müavini Bəhruz Əlişiri jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib ki, 2008-ci ildə 28 milyard xarici investisiyanın ölkəyə cəlbi təsdiq olunub. Hər halda bu rəqəm dövlətin rəsmi statistikalarında 2008-ci il üçün 4 milyard dollar qeyd edilib.

İranın nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qalmasını nəzərə alsaq, ildə 100 milyard dollar xarici sərmayənin cəlbi mümkun deyil.

Xəbər lenti

Xəbər lenti