...

Azərbaycan Prezidenti "Goranboy" hotelinin açılış mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü “Goranboy” hotelinin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti "Goranboy" hotelinin açılış mərasimində iştirak edib

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Goranboy" hotelinin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, mehmanxana kompleksinin tikintisinə 2008-ci ilin iyununda başlanılıb. İnşaat işləri ən yüksək səviyyədə və qısa müddətdə görülüb. Üçmərtəbəli mehmanxanada 18 nömrə qonaqların ixtiyarına verilib. Onların 10-u ikinəfərlik, 6-sı isə birnəfərlikdir. Burada, həmçinin iki lyuks otaq da yaradılıb. Ümumilikdə, mehmanxanada eyni vaxtda 36 nəfərin qalması üçün bütün şərait var. Otaqların hamısı şəhərin və kompleksin daxili ATS-nə qoşulmuş telefonla, habelə internet bağlantısı olan kompyuterlərlə təmin edilib. Nömrələrə ən son model yumşaq və bərk inventarlar qoyulub, onların hamısı soyuducu və televizorla təchiz olunub.

Bildirilib ki, mehmanxananın müasir konfrans zalı da var. Burada qonaqlar müxtəlif tədbir və toplantılar keçirə bilərlər. Kompleksdə bufet və restoran da fəaliyyət göstərir. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələrinə xüsusi diqqət verilir. Kompleksdə idman-istirahət guşəsi fəaliyyət göstərir. Burada, həmçinin bilyard və tennis stollarının qoyulduğu otaqlar da qonaqların istirahətini mənalı təşkil etmək üçündür. Hotelin azyaşlı qonaqları da diqqətdən kənarda qalmayıb. Onlar üçün kiçik bilyard, masaüstü futbolun quraşdırıldığı otaq yaradılıb. Bina mərkəzi isitmə və yanğından mühafizə, habelə siqnal sistemləri ilə təchiz edilib.

Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi ərazisi 7,5 hektar olan kompleks bütün zəruri kommunal xidmətlərlə təchiz edilib, ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, örtülü istirahət guşələri yaradılıb. Bildirilib ki, gələcəkdə mehmanxana kompleksinin ərazisi genişləndiriləcək, burada park salınacaq və ərazidə idman meydançası tikiləcək.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti