...

Bakıda beynəlxalq "TransCaspian" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 11:02 (UTC +04:00)
IX Beynəlxalq nəqliyyat, tranzit və logistika "TransСaspian" sərgisi 1-4 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu il "TransСaspian" sərgisi yeni «Bakı Ekspo» Sərgi və Toplantı Mərkəzində regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan "Xəzər: neft və qaz" sərgisi ilə birlikdə keçiriləcək. Sözügedən sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, TRACECA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək verilir.
Bakıda beynəlxalq "TransCaspian" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 4 may /Trend/

IX Beynəlxalq nəqliyyat, tranzit və logistika "TransСaspian" sərgisi 1-4 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu il "TransСaspian" sərgisi yeni "Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzində regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan "Xəzər: neft və qaz" sərgisi ilə birlikdə keçiriləcək. Sözügedən sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, TRACECA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək verilir. Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti bu sərginin təşkilatçıları qismində çıxış edirlər.

Azərbaycan, Almaniya, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan şirkətlər "TransСaspian - 2010" sərgisində iştirak edəcəklər. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə ənənəvi olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin struktur bölmələri də iştirak edəcəklər. Sərginin əsas bölmələri bunlardır: avtomobil yol nəqliyyatı, neftin nəqli/boru kəmərləri, gəmiqayırma, yük ekspeditorları/yükdaşıma şirkətləri, dəniz nəqliyyatı, logistika, dəmir yolu avadanlıqları, gömrük xidmətləri, yüklərin sığortası, yükləmə və boşaltma avadanlıqları və s. Azərbaycanın nəqliyyat infrastrukturunda geniş vüsət alan inşaat işlərini nəzərə alaraq, sərgidə, "Volvo" dartıcı traktorları da daxil olmaqla, ən geniş çeşiddə yol-inşaat texnikası təqdim olunacaq. Bundan əlavə, sərgidə metropoliten və dəmir yolu qatarları üçün sərnişin vaqonlarının ekspozisiyaları da təqdim ediləcək.

Bu gün Azərbaycanda ölkədaxili avtomobil yollarının tikintisi və rekonstruksiyası üzrə aktiv işlər həyata keçirilir. 2010-cu ildə bu layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur: "Bakı Buxtası dəniz körpüsü", "Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi" sistemi, Yevlax - Gəncə avtomobil magistralının rekonstruksiyası, Quba - Şamaxı avtomobil yolunun tikintisi, yeni lokomotivlərin alınması və s. Bundan əlavə, Azərbaycan TRACECA nəqliyyat dəhlizinin inkişafına yardım edəcək yeni Bakı - Tbilisi - Qars dəmir yolunun yaradılması layihəsində də iştirak edir. Cari ildə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə dövlət büdcəsindən 3 milyard 192 milyon dollar ayrılacaq ki, bu da öz növbəsində dövlət büdcəsinin 2010-cu ildə əldə etdiyi gəlirlərin 25,5 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatının nəqliyyat sektorunun bu cür intensiv şəkildə inkişaf etməsi sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır. "TransCaspian" sərgisi Qafqazda ən vacib nəqliyyat forumu olmaqla yanaşı, Azərbaycanın nəqliyyat-tranzit potensialının səmərəli şəkildə istifadə edilməsinə öz töhfəsini verir və regionda nəqliyyat sektorunun mütəxəssisləri arasında qarşılıqlı fayda verən əməkdaşlığın qurulmasına yardım edir.

Xəbər lenti

Xəbər lenti