...

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin artım tempi iqtisadi reallığı tam əks etdirir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbirlər M.Əliyev, N.İsmayılova/

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin artım tempi və məhz onun xərclər və gəlirlər hissəsi iqtisadi reallığı tam əks etdirir. Bu barədə maliyyə naziri Samir Şərifov Azərbaycan Milli Məclisinin plenar iclasında 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Azərbaycan iqtisadiyyatının inkişafı büdcə tarazlığına səbəb olub və ölkənin artıq müəyyən edilmiş büdcəsi hazırlanıb. Əlbəttə, 2011-ci il dövlət büdcəsi bu reallıqları əks etdirir və həm xərclər, həm də gəlirlər hissəsinin artım tempi iqtisadi reallığı əks etdirir", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, xərclərin artımı makroiqtisadi sabitliyin təmininə, ölkənin əsas məqsədlərinin həyata keçirilməsinə, eləcə də xalqın maddi rifahının yaxşılaşdırılmasına yönəlsin.

"Hazırda büdcə təsnifatının təkmilləşdirilməsi üzrə iş aparılır və bu günə müəyyən təkliflər alınıb, büdcə təsnifatının inventarlaşdırılması başa çatıb və onunla bağlı analiz aparılıb", - nazir qeyd edib.

Nazir bəzi deputatların "2011-ci ilin dövlət büdcəsində digər xərclər maddəsində hansı xərclər nəzərdə tutulub" fikrinə dair iradlarına da aydınlıq gətirib.

"Xərclərin bu kateqoriyasına ehtiyat fondları, daha dəqiq desək, Azərbaycan Prezidentinin ehtiyat fondu və ölkənin dövlət büdcəsinin ehtiyat fondu daxildir - bu iki fonda 260 milyon manat büdcə vəsaiti, avtomobil yolları üzrə məqsədli ehtiyat fonduna və dövlət zəmanəti ilə cəlb olunan kreditlərin təmini fonduna isə 270 milyon manat yönəlib", - nazir əlavə edib.

"Digər xərclər maddəsinə tədbirlərin maliyyələşməsi və ölkənin müdafiə potensialının gücləndirilməsi üzrə layihələr daxildir, bunlara vəsaitlərin böyük həcmi ayrılıb və bu, hərbi vəziyyətdə olan ölkə üçün normaldır", - nazir qeyd edib.

Şərifovun sözlərinə görə, digər xərclər kateqoriyasına beynəlxalq fəaliyyətə olan xərclər də daxildir ki, bu da ölkənin həm üzvlük haqlarının ödənilməsini, həm də müəyyən tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur.

Nazir gələn il ərzaq təhlükəsizliyinin təmini və kənd təsərrüfatı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün maliyyələşmənin həcminin artırılacağı barədə danışıb. Fəaliyyətinin özünümaliyyələşdirməyə keçidə istiqamətlənməsinə baxmayaraq, "Aqrolizin" SC üçün hər il dövlət büdcəsindən vəsaitlərin ayrılması davam edir.

Gələn il üçün hökumət dövlət büdcəsinin sosial ipotekaya olan xərclərini saxlayıb. "Sosial ipotekanı artırmaq lazımdır, lakin büdcənin onsuz da kifayət qədər xərclər həcmi var və imkan daxilində bu məqsədlər üçün əlavə vəsaitlər ayrılacaq", - nazir bildirib.

2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2010-cu illə müqayisədə 4,8 faiz - 12,061 milyard manatadək (ÜDM-in 30 faizi), xərcləri 3,9 faiz - 12,748 milyard manatadək (ÜDM-in 31,7 faizi) artacaq. 2011-ci il üçün Azərbaycanın dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ÜDM-in 1,7 faizi səviyyəsində proqnozlaşdırılır.

Milli Məclis 2011-ci il dövlət büdcəsi layihəsinə oktyabrın 12-dən plenar iclasında baxmağa başlayıb.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,8020 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti