Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "BTB Bank" və "Azərpoçt" MMC milli poçt operatoru Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinə daxil olmaq üçün ərizə veriblər. Bu barədə BBVB-nin rəhbəri Fərhad Əmirbəyov deyib.
"BTB Bank" və məhdud bank lisenziyasına malik poçt operatoru "Azərpoçt" BBVB-nin valyuta bölməsinə daxil olmaq üçün ərizə veriblər. Onların daxil olma məsələsinə birjanın səhmdarları baxacaq", - Əmirbəyov qeyd edib.
Onun sözlərinə görə, bu proses üçün adətən bir ay vaxt lazım olur.
"BTB Bank" Vergilər Nazirliyində kommersiya fəaliyyəti üçün dövlət qeydiyyatından 2010-cu il fevralın 24-də keçib və martın sonunda ölkənin Mərkəzi Bankından bank fəaliyyəti göstərmək üçün lisenziyanı alıb. "BTB Bank" 12 milyon manat nizamanmə kapitalına sahibdir. Mərkəzi Bankdan icazə aldıqdan sonra "BTB Bank" Azərbaycanın bank bazarında 47-ci bank olub.
Azərbaycan Mərkəzi Bankı iyulda milli poçt operatoru "Azərpoçt" MMC-yə maliyyə xidmətləri göstərmək üçün lisenziya verib. Lisenziyanın verilməsi ilə əlaqədar olaraq, qaydalar hazırlanıb, eləcə də "Azərpoçt" MMC-nin yeni nizamnaməsi təsdiq edilib. "Azərpoçt" Azərbaycanın bank bazarına çıxmaqla bazarın tərəfdaşlkarı ilə ciddi rəqabət aparacaq. İndi Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir. Onların filiallarının ümumi sayı 500-ü ötür. "Azərpoçt"un poçt şöbələrinin sayı 1600-dən çoxdur.