...

Oktyabrda Azərbaycanda istehlak inflyasiyası 0,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin oktyabrında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2% ucuzlaşıb.

Ötən ay ərzaq məhsullarından buğda unu, qarabaşaq yarması, çörək məhsulları, makaron məmulatları, mal və qoyun əti, toyuq və toyuq budu, təzə balıq, süd, xama, pendir, yumurta, kərə yağı, bitki yağları, banan, armud, heyva, xurma, xiyar, pomidor, bibər, sarımsaq, soğan və kartofun qiymətləri bahalaşıb. Eyni zamanda, ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən düyü, əlavə toyuq məhsulları, limon, portağal və naringi, alma, nar, şabalıd, kələm, göyərti, çuğundur və kökün qiymətlərində qeydə alınıb.

Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından boyaların, divar üçün kağızlar, pəncərə şüşəsi, kəsilmiş taxtalar, ağac yonqar və lifli lövhələr, kərpic, mebellərdən mətbəx üçün mebel, yataq və qonaq otaqları üçün mebel dəsti və yumşaq mebel dəstinin qiymətləri bahalaşıb. Bahalaşma ilə yanaşı, oktyabr ayında yarımyun parçanın, qadın üçün yay yubkası, qısaqol köynəklər, inşaat materiallarından su tənzimləyici cihazlar, vannalar və sementin qiymətləri ucuzlaşıb.

Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti