Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyətinin qərarı ilə iki bankın - "Debütbank" ASC və "Kövsərbank" ASC-nin bank fəaliyyətlərinin həyata keçirilməsi üzrə lisenziyaları ləğv edilib. Bu barədə AMB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
"Belə qərar minimum məcmu kapitalla bağlı tələblərin yerinə yetirilməməsi, bank qanunvericiliyinin pozulması, eləcə də etibarlı və prudensial qaydada cari fəaliyyətin idarə olunmaması ilə bağlı qəbul edilib. Bu banklar həmçinin sistematik olaraq AMB-nın göstərişlərini yerinə yetirmirlər", - məlumatda bildirilir.
Həmin pozuntular nəticəsində 1994-cü il dekabrın 30-da "Debütbank"a və 1992-ci il dekabrın 21-də "Kövsərbank"a verilən lisenziyalar ləğv edilib.
AMB-nin həmin qərarı ilə banklar üçün müvəqqəti administrasiyalar təyin edilib.
İki bankın lisenziyasının ləğv edilməsindən sonra ölkədə bank təşkilatlarının sayı 45 olub.