Azərbaycan, Bərdə, 15 dekabr /Trend, müxbir N.İsmayılova/
Çərşənbə günü Azərbaycanda Bərdə, Tərtər və Ağdam rayonlarında "Kənd təsərrüfatının inkişafı" layihəsi rəsmən işə salınıb. Bununla əlaqədar Bərdə şəhərində layihənin təqdimatı keçirilib.
Layihə OXFAM beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə həyata keçirilir.
"OXFAM Azerbaijan"ın direktoru Şövkət Əlizadənin sözlərinə görə, layihə Bərdə, Tərtər və Ağdam rayonlarında kiçik fermerlərin dəstəyinə yönəlib. Layihənin həyata keçirilməsi 60 mindən çox insana fayda gətirəcək. Layihə çərçivəsində OXFAM həm rayonların icra hakimiyyətləri, həm də özəl strukturlarla əməkdaşlıq edəcək.
SDC-in regional direktorunun müavini Filip Kellerin sözlərinə görə, agentlik Azərbaycanda, xüsusən də ölkənin Aran zonasında kənd təsərrüfatının inkişafında potensial görür.
"Bu zonada yaxşı iqlim şəraitinin və torpaq qatının, kənd təsərrüfatı fermerlərinin gəlirlərinin artırılması üçün yaxşı imkanların olduğuna görə, SDC bu istiqamətdə layihələri fəal surətdə dəstəkləyir", - Keller bildirib.
Onun sözlərinə görə, layihənin birinci mərhələsi üç il ərzində həyata keçiriləcək və onun uğur qazanacağı təqdirdə, iki-üç şəhəri əhatə edəcək ikinci mərhələnin həyata keçirilməsinə start veriləcək.
Hazırda regionların potensialı öyrənilir, layihənin birinci mərhələsini əhatə edəcək və həlli nəzərdə tutulan işlərin qiymətləndirilməsi aparılır.
Qiymətləndirmə 2011-ci ilin may-iyun aylarına qədər davam edəcək və ilkin hesablamalara görə, layihənin birinci mərhələsinin dəyəri iki milyon dollara yaxın olacaq.
Layihənin əsas məqsədi özəl sektor, hökumət və regionun fermerlər birliyi arasında əlaqələrin yaxşılaşdırılmasıdır. Kiçik təsərrüfatların fəaliyyəti üçün şəraitin yaradılması qadın fermerlərin dəstəklənməsi ilə həyata keçiriləcək.