...

Azərbaycanda keyfiyyətsiz dondurma istehsalçıları 3,4 min manat həcmində cərimə olunublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2011 16:32 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti iki dondurma istehsalçısına ümumilikdə 3,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda keyfiyyətsiz dondurma istehsalçıları 3,4 min manat həcmində cərimə olunublar

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti iki dondurma istehsalçısına ümumilikdə 3,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumat verildiyi kimi, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi, ev 227A ünvanında Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Müzəffər Poladova 527 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 137 ünvanında "Dədə Qorqud" müstəqil kiçik müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı isə plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satılması səbəbindən bu təsərrüfat subyekti barəsində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Dədə Qorqud" müəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Avqustun 27-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti