...

Azərbaycanda endirim kampaniyasının keçirilməsi zamanı daha bir pozuntu aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 16:01 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakının Səbail rayonunda endirim kampaniyasının keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib.
Azərbaycanda endirim kampaniyasının keçirilməsi zamanı daha bir pozuntu aşkar edilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakının Səbail rayonunda endirim kampaniyasının keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Reyhan Mehdiyevaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub", - məlumatda bildirilir.

Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Ayın sonuna kimi şirkətimizin yubileyinə görə 20% endirim" sözləri yazılsa da, satılan kişi və qadın geyimlərinin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi müəyyən olunub.

Bundan başqa, mağazanın endirim etmək üçün əsas gətirdiyi məlumatların düzgün olmadığı müəyyən edilib. Belə ki, mağazanın heç bir şirkətlə əlaqəsi olmadığı halda, endirimin şirkətin yubileyi ilə əlaqədar keçirildiyi göstərilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti