...

Azərbaycan Serbiyada keçirilən özəlləşdirmə prosesində iştiraka dəvət edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2011 14:52 (UTC +04:00)
Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının iclası keçirilib. Bu barədə Trend-ə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Azərbaycan Serbiyada keçirilən özəlləşdirmə prosesində iştiraka dəvət edilib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının iclası keçirilib. Bu barədə Trend-ə bazar ertəsi İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasının və Azərbaycan-Balkan ölkələri biznes forumunun keçirilməsi məqsədilə müxtəlif dövlət qurumlarının nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyəti Serbiyada səfərdədir.

İqtisadi İnkişaf Naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belqradda yerləşən "Taşmaydan parkı"nda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Azərbaycan nümayəndə heyəti, həmçinin "Taşmaydan parkı"nda görkəmli serb yazıçısı Milorad Paviçin və 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "We were just children" ("Biz sadəcə uşaqlar idik") abidələri önünə də gül-çiçək dəstələri qoyublar.

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın I iclasında Azərbaycanı iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Xarici İşlər, Sənaye və Energetika, Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları, Nəqliyyat, Səhiyyə, Müdafiə Sənayesi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları daxil olublar.

İclasda Mustafayev iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci iyununda Serbiya Respublikasına, Serbiya Prezidenti Boris Tadiçin 2010-cu ilin may ayında ölkəmizə rəsmi səfərinin və keçirilmiş görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Bu ilin oktyabr ayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırladan Mustafayev bu sahədə Serbiyanın ölkəmizə dəstək göstərdiyini qeyd edib.

Bildirilib ki, Serbiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də ölkəmizin ədalətli mövqeyini dəstəkləyir. Azərbaycanın da dost Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Azərbaycanın regionda lider dövlət olduğunu vurğulayan Mustafayev qeyd edib ki, öz təcavüzkar mövqeyi ilə regional layihələrdən kənarda qalan Ermənistan özü-özünü Cənub Qafqaz regionunun iqtisadi xəritəsindən silib.

Serbiyanın xarici işlər naziri, komissiyanın həmsədri Vuk Yeremiç Serbiya rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Komissiyanın iclasında Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsində infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida sənayesi, kimya və əczaçılıq sənayeləri, informasiya texnologiyaları, yol infrastrukturunun tikintisi sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşlarının təşviqi qarşılıqlı maraq doğuran sahələr kimi qeyd edilib, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu (AZPROMO) və Serbiyada İxracın və Sərmayələrin Təşviqi Agentliyi (SİEPA) arasında əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

İclasda Serbiya tərəfi toxum və bitki materiallarının ixracında, gübrə istehsalı və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib, Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində Azərbaycan tərəfi iştiraka dəvət edilib.

Aparılan müzakirələrdə Serbiya şirkətlərinin "Aqrolizinq ASC" tərəfindən keçirilən tenderlərdə iştirakı təklif edilib, Azərbaycan İnvestisiya Şirkəti və Serbiyanın "Farmacom" şirkəti arasında Azərbaycanda akkumlyatorların təkrar emalı istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması barədə razılıq əldə olunub.

İclasda, həmçinin təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Noyabrın 4-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Serbiyanın Ticarət və Sənaye Palatasının və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (SİEPA) təşkilatçılığı ilə Balkan ölkələri - Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, sənaye, səhiyyə, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox, Balkan ölkələrindən isə müxtəlif sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda xarici ölkələrlə, o cümlədən Serbiya ilə əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazasının yaradılıb. Ticarət əlaqələri Azərbaycan və Serbiya arasındakı ikitərəfli əməkdaşığın mühüm istiqamətlərindəndir. 2011-ci ilin doqquz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 18,3%, Azərbaycandan Serbiyaya ixrac 3 dəfə, ölkəmizə idxal isə 18% artıb. Bununla belə, mövcud ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensial mövcuddur. Biznes forumların, təqdimat, seminar və sərgilərin təşkilinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan Mustafayev iş adamlarını əməkdaşlığı daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib.

Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın İnciya şəhərindəki sənaye parkında yaradılmış infrastrukturla tanış olub.

Xəbər lenti

Xəbər lenti