...

KfW-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2012 11:28 (UTC +04:00)
Yanvarın sonu, fevralın əvvəlində Almaniyanın İnkişaf Bankı KfW-nin vitse-prezidenti xanım Yeva Vitt Azərbaycana səfər edəcək. Bu barədə cümə günü Trend-ə KfW-nin bank ofisindən məlumat veriblər.
KfW-nin vitse-prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir N.İsmayılova/

Yanvarın sonu, fevralın əvvəlində Almaniyanın İnkişaf Bankı KfW-nin vitse-prezidenti xanım Yeva Vitt Azərbaycana səfər edəcək. Bu barədə cümə günü Trend-ə KfW-nin bank ofisindən məlumat veriblər.

"Bankın vitse-prezidenti Yeva Vittin başçılıq etdiyi nümayəndə heyətinə KfW-nin Azərbaycanda maliyyə layihələri üzrə yeni meneceri Kurt Ştrasser də daxildir", - bankdan bildiriblər.

Bankdan qeyd ediblər ki, səfər çərçivəsində mövcüd əməkdaşlığın səviyyəsini müzakirə etmək üçün hökumətdə bir sıra görüşlər keçiriləcək. O cümlədən, 5 milyon avro həcmində üçüncü güzəştli kredit hesabına maliyyələşəcək kiçik və orta sahibkarlığa dəstək layihəsi üzrə işlərin sürətləndirilməsi, eləcə də "Turanbank"la planlaşdırılan sazişin bağlanması çərçivəsində Azərbaycanda kənd yerlərində aqromaliyyələşdirmə layihəsinin ikinci fazası üzrə məsələlər nəzərdən keçiriləcək.

Bank ölkədə kiçik və orta sahibkarlığa dəstək layihəsinin həyata keçirilməsinə milli valyutada kredit vermək və məzənnə fərqi dəyişiklikləri riskini öz üzərinə götürmək niyyətindədir. Əvvəlki iki kredit kimi, KfW 40 il müddətinə 10 ili güzəştli olmaqla və illik 0,75 faizlə üçüncü kredit verəcək. Əvvəlki iki kreditdə olduğu kimi, bu vəsaitlər Almaniya-Azərbaycan Fondu vasitəsilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Azərbaycanda kənd yerlərində aqromaliyyələşdirmə layihəsinin ikinci fazasının maliyyələşdirilməsinə bank 3 milyon avro ayırmağı planlaşdırılır. Layihənin birinci fazasının dəyəri 5 milyon avro təşkil edirdi, onlardan 3,5 milyon avro bölüşdürülüb. Qalan vəsait daha bir bank üçün nəzərdə tutulmuşdu. Xüsusilə, "Dəmirbank"la danışıqlar aparılırdı, lakin dayandırıldı. Həmçinin, "ParaBank"ın namizədliyi nəzərdən keçirilirdi, ancaq yekunda seçim "Turanbank" üzərində edildi. Bank krediti artıq layihənin ikinci fazası çərçivəsində alacaq.

Azərbaycanın KfW ilə əməkdaşlığı 1994-cü ildən başlayıb. Bankın ölkədə strateji fəaliyyət istiqamətləri enerji, su və digər infrastrukturun bərpası, maliyyə, bank, özəl sektor, səhiyyə sistemi, ətraf mühitin və s. inkişafına dəstək verməkdir.

Xəbər lenti

Xəbər lenti