Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir N.İsmayılova/
Gömrük əməliyyatları prosesinin optimallaşdırılması və sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqı (Gİ) Komissiyası Gİ-nin gömrük ərazisinə avtomobil nəqliyyatı vasitəsilə gətirilən mallar üzrə icbari ilkin məlumatlandırmanı tətbiq edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, indi səlahiyyətli iqtisadi operatorlar, daşıyıcılar, o cümlədən gömrük daşıyıcıları, gömrük nümayəndələri və ya digər maraqlı şəxslər avtomobil nəqliyyatı vasitəsilə gətirilən mallar üzrə məlumatı onların Gİ ölkələrinin gömrük ərazilərinə gətirilməsinə qədər iki saatdan az olmayaraq təqdim etməlidirlər.
Mallar və nəqliyyat vasitələrinin gəlişinin yerləşdiyi yerdə, yəni Gİ-nin iştirakçı dövlətlərinin ərazilərində gömrük orqanları ilkin məlumatı aldıqdan sonra iki saat ərzində risklərlə idarəetmə sisteminin istifadə edilməsi vasitəsilə onun təhlilini aparmalıdırlar.
Qərar onun rəsmi dərc edilməsindən etibarən (2011-ci il, 9 dekabr) 180 gün başa çatdıqdan sonra qüvvəyə minir.