Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova/
2012-ci ildə Azərbaycanda vergi orqanları tərəfindən vergi bəyannamələrinin ilkin doldurulması sistemi (pre-filled tax return) tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc olunmuş məqalədə deyilir.
"2012-ci ildə nazirlik göstərilən xidmətlərin əhatəsini genişləndirməyi planlaşdırır. Nazirliyin tədbirlər planına görə, vergi orqanları tərəfindən vergi bəyannamələrinin ilkin doldurulması sisteminin tətbiqi məqsədilə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və onun birinci mərhələdə ƏDV bəyannamələrinə tətbiqi planlaşdırılır", - məqalədə qeyd olunur.
Məlumata görə, bu sistemin əhəmiyyəti onunla şərtlənir ki, vergiödəyicilər tərəfindən vergi bəyannamələrinin doldurulması zamanı yaranan çətinliklərin aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən bəyannamələr əldə olan məlumatlar əsasında doldurulacaq. Bəyannamələr müasir texnologiyalar tətbiq olunmaqla doldurulacaq və elektron poçt vasitəsilə vergiödəyiciyə göndəriləcək. Vergiödəyiciyə yalnız bəyannamədəki məlumatları yoxlamaq və onları təsdiq etmək, yaxud ziddiyətlər aşkara çıxarkən vergi orqanlarına lazımi sənədləri təqdim etmək qalır.