...

Azərbaycan pulların yuyulmasına qarşı mübarizə sahəsində əməkdaşlıq mühitindən kənar ölkələrin siyahısını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti (MMX) maliyyə əməliyyatlarının keçirilməsi zamanı açılması tələb olunmayan eyniləşdirilmiş məlumatlara malik dövlətlərin, habelə terrorizmin maliyyələşdirilməsində, narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsində iştirakı mümkün olan, transmilli mütəşəkkil cinayətkarlığı, o cümlədən silahlı separatçılıq, ekstremizmi dəstəkləyən dövlətlərin siyahısını azaldıb. Bu barədə çərşənbə günü Trend-ə MMX-dən məlumat veriblər.

Hazırda MMX-nin təsdiq etdiyi siyahıda 19 ölkə - Ermənistan, Əfqanıstan, İran, İraq, Konqo, Koreya Xalq Demokratik Respublikası, Kot-d'İvuar, Qvatemala, Laos, Liberiya, Montserrat, Myanma, Nauru adaları, Niue, Somali, Sudan, Tailand, Uruqvay, Vyetnam var.

Əvvəllər 2010-cu il martın 2-də təsdiq edilən siyahıya dəyişikliklər edilib, nəticədə siyahıdakı ölkələrin sayı 46-dan 33-ə enib. Əvvəl təsdiq edilən siyahıda olan bir sıra ölkələr FATF və digər beynəlxalq təşkilatların qoyduğu öhdəlikləri yerinə yetiriblər və bu istiqamətdə tədbirlərin keçirilməsi onların sıyahıdan çıxarılmasına kömək edib.

Bu siyahının hazırlanmasında BMT, Avropa İttifaqı, ATƏT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BVF, FATF, MONEYVAL və digər beynəlxalq təşkilatların qərar və bəyanatları nəzərə alınır.

Fəaliyyətdə olan qanunvericiliyə əsasən, monitorinqin subyektləri pul vəsaitləri ilə qanunsuz əməliyyatların, habelə siyahıya daxil edilən ölkələrin mülkiyyəti ilə digər əməliyyatların məqsədini və mahiyyətini üzə çıxartmalı və bu ölkələrlə əməliyyatlar haqqında dərhal MMX-ni məlumatlandırmalıdırlar.

Xəbər lenti

Xəbər lenti