...

11 Çernobıl əlilinə minik avtomobilləri verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

2 may 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov 11 nəfər Çernobıl əlilinə "Liffan" markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Qeyd olunmuşdur ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8 000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir ki, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə ümumilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

1993-cü ildə ulu öndərin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi" haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmiş və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanılmışdır.

2000-ci ildən 2012-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çerenobıl əlilləri də nəzərə alınmış və bu təbəqədən olan 134 nəfər əlil mənzillə təmin olunmuşdur. Eyni zamanda, 1998-ci ildən 2012-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunmuşdur.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilmişdir. 2012-ci ildə Nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilmişdir. Həmçinin cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları (yollayışları) ilə təmin olunur və 2011-ci ildə sanator-kurort putyovkaları ilə təmin edilən Çernobıl əlilllərinin sayı 35 nəfər olub. Əlillərin istirahətinin təşkili zamanı imtiyazlı əlillərə, o cümlədən Çernobıl əlillərinə üstünlük verilərək 2011-ci ilin yay mövsümündə 50 nəfərin Nabran istirahət zonasına göndərilməsi təmin olunmuşdur. 2012-ci ildə isə Nabran, Lənkəran və İsmayıllı istirahət mərkəzlərinə 80 nəfər Çernobıl əlilinin göndərilməsi nəzərdə tutulmuşdur.

Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur və bu istiqamətdə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti