...

Azərbaycanda dövlət və özəl sektorda çalışanlar üçün peşəkar korporativ proqrama başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2012 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə dövlət qulluqçuları və özəl sektorda çalışan mütəxəssis və menecerlər üçün nəzərdə tutulmuş "Peşəkar korporativ proqram"a start verilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Adil Məmmədov qurumun fəaliyyəti və Fondun yerli şirkətlərə göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edilib ki, ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə yaradılmış AZPROMO yerli sahibkarların məlumatlandırılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. "Peşəkar korporativ proqram"ın dövlət və özəl sektorda çalışan mütəxəssislərin korporativ idarəçilik sahəsində biliklərinin artırılması, bu sahədə onları xarici təcrübə ilə tanış etmək məqsədi daşıdığını qeyd edən Məmmədov təlim kursunun əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycan və ingilis dillərində keçiriləcək təlimlərin Akademiyanın və xarici universitetlərin professorları, Azərbaycanın özəl və dövlət sektorunda çalışan peşəkarlar, o cümlədən, Avropa, ABŞ və regionun aparıcı ekspertləri tərəfindən tədris olunacağını bildirib. Təlim kursları insan resursları, marketinq, maliyyə, biznes etikası və kommunikasiya bacarıqları kimi mövzuları əhatə edir. Kursları uğurla başa vuran iştirakçılara ADA-nın sertifikatları veriləcək.

Sonra ADA-nın ixtisasartırma proqramları üzrə direktoru Aygün Hacıyeva "Peşəkar korporativ proqram", ADA Fondunun prezidenti Natiq Hacıyev isə "ADA ilə özəl sektor arasındakı əməkdaşlıq" mövzularında təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıblar.

Qeyd edək ki, "Peşəkar korporativ proqram" haqqında daha ətraflı məlumatı ADA-nın www.ada.edu.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti