...

Yerli ixracatçılar üçün təlim proqramına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 8-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında yerli ixracatçılar üçün təlim proqramının keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, memoranduma əsasən, AZPROMO, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GIZ-in birgə təşkilatçılığı ilə iş adamları üçün iyun ayından etibarən "İxracatçılar üçün Təlim Proqramı"na başlanılacaq. 2012-ci ilin sonunadək davam edəcək proqramın məqsədi yerli sahibkarların ixrac prosedurları, xarici bazarlar və ixrac imkanları barədə məlumatlandırılmasıdır.

Bununla bağlı keçirilmiş tədbirdə AZPROMO-nun rəhbəri Adil Məmmədov qurumun fəaliyyəti və Fondun yerli ixracatçı şirkətlərə göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edilib ki, ölkənin ixrac imkanlarının təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış AZPROMO yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac imkanlarının artırılmasında, potensial tərəfdaşların tapılmasında, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, eləcə də iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

GIZ-in icraçı direktoru Adolf Kloke-Lesç çıxış edərək yerli iş adamları və potensial ixracatçılar üçün keçiriləcək təlim proqramı barədə məlumat verib, təşkilatın ölkə üzrə direktoru Henninq Tvesten isə "İxracatçılar üçün Təlim Proqramı" mövzusunda təqdimatla çıxış edib.

AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Vüsal Kərimli çıxışında proqramın sahibkarların maarifləndirilməsində əhəmiyyətindən danışıb.

"Azqranata" şirkətinin biznesin inkişafı üzrə direktoru Məcnun Məmmədov isə Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi və həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun yüksək templə inkişaf etdiyini vurğulayıb, şirkətin ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla fəaliyyətini genişləndirdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti