...

İlin əvvəlindən Azərbaycan sahibkarlarına 115 milyon manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 13:28 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Xaçmaz rayonunun Yergüc kəndində keçirib. Tədbirdə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.
İlin əvvəlindən Azərbaycan sahibkarlarına 115 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Xaçmaz rayonunun Yergüc kəndində keçirib. Tədbirdə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Fondun vəsaitləri hesabına Xaçmaz rayonunun Müqtədir qəsəbəsində inşa olunmuş "Bərəkət-İ" MMC-nin müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, Yergüc kəndində "EMA" MMC-nin müasir soyuducu anbar kompleksində və Qaraçı kəndində "Nabran Quşçuluq" MMC-nin müasir quşçuluq (broyler) təsərrüfatında aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Xaçmaz rayonunun, o cümlədən Yergüc kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir meyvə-tərəvəz emalı və çörək zavodlarının, ət kəsimi müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının, kiçik və orta həcmli istixanaların yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1328 investisiya layihəsinin maliyyələşdirilməsinə 114,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 5400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edilib ki, meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış rayonlardan olan Xaçmazda son illər Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına intensiv bağçılıq təsərrüfatları, soyuducu anbar kompleksləri və meyvə-tərəvəz emalı müəssisələri yaradılıb. Fondun vəsaitləri hesabına Xaçmaz rayonunda yeni texnologiyaların tətbiqinə əsaslan tutumu 11 min ton olan 5 soyuducu anbar kompleksinin inşasına 8,3 milyon manat, 2 meyvə-tərəvəz emalı zavodunun inşasına 3,3 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş soyuducu anbarlardan 3-ü, meyvə-tərəvəz emalı zavodlarından 1-i istifadəyə verilib, qalan 2 soyuducu anbarın və 1 meyvə-tərəvəz emalı zavodunun isə bu il istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunun meyvə-tərəvəz istehsalı sahəsində potensialı nəzərə alınaraq, istehsal sahələrinin genişləndirilməsinin və yeni emal müəssisələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsinə diqqətin daha da atrırılacağı vurğulanıb, bu sahədə sahibkarların fəallığının artırılması tövsiyə olunub.

Tədbirdə çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkarlıq subyektinə 1,1 milyon manatadək güzəştli kredit vəsaiti verilib. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti