Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir C.Nəsibova/
Avstriya turizm sahəsində təcrübəsini Azərbaycanla bir neçə istiqamətdə bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən Avstriya-Azərbaycan "Dostluq konfransı"nda Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç bildirib.
Onun sözlərinə görə, Avstriya dünyada ən cəlbedici turizm yerləri arasında 12-ci pillədədir və ötən il ərzində 34 milyondan artıq turist bu ölkəyə səfər edib ki, bu da ölkənin bu sahədə əhəmiyyətli təcrübəsini sübut edir.
"Avstriya və Azərbaycan uzun müddətdir ki, iqtisadi sahədə əməkdaşlıq edir. Lakin biz hesab edirik ki, əməkdaşlıq təkcə müəyyən sektorda cəmləşməməlidir və turizm əməkdaşlığın inkişafı üçün perspektivli sahədir. Biz Azərbaycanla turizmin müxtəlif sahələrində, eləcə də turizm sahəsində təhsil, müxtəlif treninqlərin keçirilməsi, eləcə də tikinti sahəsində əməkdaşlıq etməyə hazırıq. Çünki arxitektura turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir", - səfir bildirib.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sözlərinə görə, son illər ərzində daxili turizm də daxil olmaqla, Azərbaycana səfər edən turistlərin sayı bir neçə dəfə artıb ki, bu da ölkədə turizm sektorunun inkişafında müsbət tendensiyanın olduğunu göstərir.
"Son iki il ərzində Azərbaycanda Hilton, Marriott, Four Seasons, Kempinski Hotel Badamdar və başqaları daxil olmaqla, bütün müasir tələblərə cavab verən beşulduzlu hotellər tikilib. Mehmanxana yerlərinin sayı 31 mini, personalın sayı isə 6 mini ötüb", - nazir müavini bildirib.
Onun sözlərinə görə, hazırda 50-yə yaxın hotelin tikintisi gedir və tezliklə Rixos, Fairmont, Ramada və Sheraton kimi hotellər fəaliyyət göstərməyə başlayacaq.
Səmədov bildirib ki, Azərbaycanda hotellərin ulduzlarının sayını müəyyən edən standartlar sistemi tətbiq edilib və analoji sistemdən Avropa ölkələrində və ABŞ-da istifadə olunur.
ATAZ (Avstriya-Azərbaycan Ticarət Palatası) İdarə Heyətinin üzvü Piter Şider çıxışı zamanı bildirib ki, Azərbaycan turizmin inkişafı üçün böyük potensiala malikdir.
"Ölkədə doqquz iqlim qurşağının olması, memarlıq irsi, eləcə də əhalinin qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün imkanlar yaradır", - o deyib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədovun sözlərinə görə, hazırda turizm sahəsi də daxil olmaqla, qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas strateji prioritetidir və Azərbaycanda nisbətən daha intensiv inkişaf edən sahələrdən biri turizm sektorudur.