...

"PAŞA Bank" İsveçrənin qabaqcıl bankı ilə "private banking" sahəsində əməkdaşlığını bəyan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 20:18 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ banklardan biri olan PAŞA Bankın "private banking" (fərdi bankçılıq) sahəsində İsveçrənin aparıcı banklarından biri olan Banque Cantonale de Genève (BCGE) bankı ilə apardığı danışıqlar müvəffəqiyyətlə yekunlaşıb.
"PAŞA Bank" İsveçrənin qabaqcıl bankı ilə "private banking" sahəsində əməkdaşlığını bəyan edir

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycanın aparıcı korporativ banklardan biri olan PAŞA Bankın "private banking" (fərdi bankçılıq) sahəsində İsveçrənin aparıcı banklarından biri olan Banque Cantonale de Genève (BCGE) bankı ilə apardığı danışıqlar müvəffəqiyyətlə yekunlaşıb. Danışıqların nəticəsində PAŞA Bankın Azərbaycandakı korporativ və fərdi müştəriləri indi artıq Bank tərəfindən BCGE bankına təqdim olunmaqla onun maliyyə həllərindəki mütəxəssis ekspertizasından faydalana biləcək.

"İsveçrənin aparıcı maliyyə institutlarının biri ilə əməkdaşlığa başlamaqdan olduqca məmnunuq. Biz, Banque Cantonale de Genève-dən çox şey öyrənə bilərik və Azərbaycandakı müştərilərimizə göstərilən xidmətlər sahəsində onlarla əməkdaşlığa böyük önəm veririk. PAŞA Bank öz beynəlxalq şəbəkəsini uğurla qurmağa davam edir və biz bu yaxınlarda Gürcüstanda öz nümayəndəliyimiz açmışıq. Beynəlxalq miqyasda inkişaf strategiyamızın çərçivəsində biz yaxın gələcəkdə Cenevrədə öz fəaliyyətimizi təşkil etməyi nəzərdə tutmuşuq və BCGE kimi nüfuzlu banklar ilə əməkdaşlıq bizim üçün böyük əhəmiyyət təşkil edir", - PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib.

"İsveçrə və Azərbaycan arasında işgüzar münasibətlərin artmasını nəzərə alaraq, biz, Azərbaycan iqtisadiyyatının inkişafında çox maraqlıyıq. Bizim Paşa Bank ilə əməkdaşlığımız əlimizi Qafqazın nəbzində tutmağa və qarşılıqlı səmərəli əlaqələr yaratmağa imkan verir", - "Banque Cantonale de Genève" bankının baş icraçı direktoru Blez Qoetşin bildirib.

PAŞA Bankın fərdi müştərilərinin investisiya və fidusiar əmanət hesabları üçün və İsveçrə banklarının digər fərdi bankçılıq üzrə xidmətlərindən istifadə edilməsi üçün müraciət etmə imkanı Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən "Valyuta Tənzimli haqqında" qanuna və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında rezident və qeyri-rezident valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a tam uyğundur.

PAŞA Bank Azərbaycanda aparıcı korporativ banklardan biridir. 2007-ci ildə yaradılmış bu bank kreditlər, qiymətli kağızlar, fərdi bankçılıq, cari hesablar, nağd vəsaitlərin idarə edilməsi və xəzinədarlıq xidmətləri daxil olmaqla bir sıra korporativ bankçılıq xidmətləri göstərir.

PAŞA Bankın baş ofisində və dörd filialında təxminən 170 nəfər işçi fəaliyyət göstərir və o, 2012-ci ildə EMEA Finance beynəlxalq maliyyə jurnalı tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" elan edilib.

Sentyabr ayında "Standard & Poor's" Beynəlxalq Reytinq Xidmətləri Təşkilatı PAŞA Banka "BB-"uzunmüddətli və "B" qısamüddətli (sabit perspektiv ilə) kredit reytinqləri verib Bu, 100% yerli kapitala malik Azərbaycan kommersiya Bankı üçün təyin edilmiş ən yüksək və Azərbaycandakı özəl bank üçün ikinci ən böyük reytinq dərəcəsidir.

PAŞA Bank sığorta, əmlak tikintisi, tikinti materiallarının istehsalı, turizm və digər biznes sahələrində əhəmiyyətli aktivlərə malik, Azərbaycandakı iri investisiya holdinq qrupu olan PAŞA Qrupun bir hissəsidir. Azərbaycanda pərakəndə bankçılıq üzrə fəaliyyət göstərən ən böyük banklardan biri olan Kapital Bank da PAŞA Qrupuna məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti