Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Yanvarın 18-27-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur.
Bu il Azərbaycanın 6-cı dəfə iştirak edəcəyi sərgidə ölkəmiz 30-a yaxın şirkətlə təmsil olunacaq.
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanacaqdır.
"Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi çərçivəsində müxtəlif təqdimatların keçirilməsi də nəzərdə tutulur. Tədbir çərçivəsində alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcəkdir.
"Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.