...

Kənd Təsərrüfatı Nazirliyində Kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2013 14:21 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş Kollegiya iclasında nazirlik sistemində dövlət satınalmalarının Azərbaycan qanunvericiliyinə uyğun təşkil edilməsi vəziyyəti və dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi ilə əlaqədar təkliflər hazırlanması barədə məsələlər geniş müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyində Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş Kollegiya iclasında nazirlik sistemində dövlət satınalmalarının Azərbaycan qanunvericiliyinə uyğun təşkil edilməsi vəziyyəti və dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi ilə əlaqədar təkliflər hazırlanması barədə məsələlər geniş müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kollegiya iclasında Kənd Təsərrüfatı Nazirliyi Aparatının şöbə müdirləri "Aqrolizinq" ASC-nin, Aqrar Elm Mərkəzinin, Toxum Müfəttişliyinin rəhbərliyi və digər aidiyyəti şəxslər iştirak ediblər.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 fevral 2013-cü il tarixdə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, rayonların xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması barədə təkliflərin hazırlanması, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi və fermerlərin elektron qeydiyyat sisteminin, logistika və tədarük mərkəzlərinin yaradılması, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi və aqroparkların yaradılmasını tapşırmaqla yanaşı, vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə, ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə də müvafiq göstərişlər verib. Ölkə başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində nöqsanlara yol verildiyi, bəzi hallarda verilən yardımların ünvanlarına çatmadığı, istehsal sahələrinin faktiki olandan artıq göstərildiyi, xaricdən lazım olan avadanlıqların və digər vasitələrin yüksək qiymətə gətirilməsi və icrası vacib olan digər məsələlər barədə iradlarını bildirib və bu nöqsanların aradan qaldırılması üçün tapşırıqlarını verib.

Bununla əlaqədar müvafiq təkliflərin hazırlanması məqsədilə rayon icra hakimiyyəti başçılarına subsidiya verilməsində şəffaflığın təmin edilməsi, subsidiyaların ödənilməsi qaydalarının fermerlərin təklifləri nəzərə alınmaqla təkmilləşdirilməsi, habelə kənd təsərrüfatı sahələrinin ixtisaslaşması və sair məsələlər barədə təkliflərini mümkün qısa müddətdə təqdim edilməsi barədə müraciət edilib, fevralın 15-də nazirlikdə işçi qrupu yaradılıb, icra hakimiyyəti başçılarına və nümayəndələri rayon komissiyalarının üzvü olan İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Statistika Komitəsinə müvafiq göstəriş verilməsi üçün Azərbaycan Prezidenti Administrasiyasının rəhbərindən xahiş edilib.

Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına texnika və avadanlıqların, gübrələrin, mal-qaranın, cihaz, dərman preparatlarının və s. alınmasında, iş və xidmətlərin görülməsində şəffaflığın və aşkarlığın təmin edilməsi, görülən hər bir konkret işə nəzarətin gücləndirilməsi üçün ciddi tədbirlərin görülməsi barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə ciddi tapşırıqlar verilib.

Kollegiyada ölkə başçısının irad və təkliflərinin icrasını təmin etmək məqsədilə hazırlanmış Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə mallar, işlər və xidmətlərin satınalmaları həyata keçirilərkən şəffaflığın və obyektivliyin təmin edilməsi, satınalma prosedurlarında "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə ciddi riayət edilməsi, məhsul istehsalçılarından, rayon icra hakimiyyətlərindən daxil olan təkliflər əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım və subsidiyaların verilməsi qaydalarının daha da təkmilləşdirilməsi üçün qısa müddətdə nazirliyin təkliflərinin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti