...

Baş nazir: İnquşetiya Azərbaycan sahibkarları üçün cəlbedici ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2013 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Əliyev/

İnquşetiya Azərbaycan sahibkarları üçün cəlbedici ola bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İnquşetiyanın Baş naziri Musa Çiliyev iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşdən sonra jurnalistlərə deyib.

Çiliyev bildirib ki, ölkələrimiz arasında böyük potensial var. İnquşetiya Azərbaycan iş adamları üçün açıqdır:

"Biz bir çox sahələrdə, o cümlədən istixana komplekslərinin tikintisi sahəsində qarşılıqlı əlaqələrin perspektivlərini müzakirə edirik. Biz respublikaya investisiya yatırmaq imkanlarına maraq göstərən Azərbaycan investorlarını görməyə şad olardıq. Bu təkcə bizim üçün deyil, həm də Azərbaycan sahibkarları üçün sərfəli olacaq. Azərbaycanlı sahibkarlar çox güman ki, gömrük prosedurları və s. problemlərlə üzləşərək məhsulları Azərbaycandan ixrac etmək əvəzinə, öz məhsullarını gələcəkdə İnquşetiyadan Rusiyanın regionlarına tədarük etmək üçün ölkəmizdə yetişdirməyə maraq göstərəcəklər".

Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlığın potensialı müxtəlif sahələri əhatə edir.

İnquşetiyanın hökumət başçısı bildirib: "Bu, ağac emalı sənayesi, turizm və kənd təsərrüfatı sahələridir. Səfər zamanı bəzi azərbaycanlı sahibkarlarla tanış olmuşuq və qeyd etmək istəyirəm ki, İnquşetiyada müvafiq istehsalatların yaradılmasında maraqlıyıq və müvafiq təşəbbüsləri alqışlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti