...

Mərkəzi Bankda Aİ-nin TAİEX aləti çərçivəsində ilk təlim keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Mərkəzi Bankda Avropa İttifaqının TAİEX aləti çərçivəsində ilk təlim keçirilmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, TAİEX aləti çərçivəsində təşkil olunmuş ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində yeni qanunvericiliyin qəbul edilməsinə dair seminar 3 gün ərzində Mərkəzi Bankın müvafiq struktur bölmələrinin əməkdaşlarını Avropa İttifaqının bu sahədə geniş təcrübəsi və praktiki bilikləri ilə tanış etmişdir. Seminarın məruzəçiləri Polşa Mərkəzi Bankından baş hüquqşünas Adam Yanisjevski və Çexiya Milli Bankından baş hüquqşünas Marketa Halova olmuşdur.

Qeyd edək ki, TAİEX Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun Texniki Yardım və İnformasiya Mübadiləsi mexanizmidir. Seminarlar, ekspert missiyaları və araşdırma səfərlərini təşkil etmək kimi dəstəkləyici tədbirlər vasitəsilə TAIEX Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğunlaşdırılması, tətbiqi və həyata keçirilməsində Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq imkanını yaradır.

TAİEX aləti çərçivəsində Mərkəzi Bankın Avropa İttifaqı ilə əməkdaşlığı bundan sonra da davam etdiriləcəkdir. Belə ki, Mərkəzi Bank daha 3 layihə ilə TAİEX alətinə müraciət etmiş və hazırda bu sahədə sıx əməkdaşlıq davam etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti