Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E. Əliyev/
ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycanın mövqeyinin yaxşılaşması ölkənin etibarlı işgüzar tərəfdaş olmasından xəbər verir. Bunu şənbə günü Trend-ə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dmitri Akulenko deyib.
ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlərin əldə olunması göstərilir.
D.Akulenko bildirib ki, ölkənin bu reytinqdə mövqeyinin yaxşılaşması, şübhəsiz ki, müsbət amildir: "Bu amil ondan xəbər verir ki, investisiya, işgüzar mühit yaxşılaşmaqda davam edir. Bu da öz növbəsində Azərbaycanın xarici tərəfdaşlarla iqtisadi əlaqələrinin yaxşılaşmasına təsir edəcək".
Son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılıb.
Ekspert qeyd edib ki, hesabatın nəticələri Azərbaycan-Rusiya əməkdaşlığına da təsir edəcək: "Əlbəttə ki, işləməyə davam edilməli məsələlər var. Demək olmaz ki, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşması həmin məsələləri bir anda həll edəcək, lakin Azərbaycan iqtisadiyyatının bu uğurlarını ölkənin etibarlı işgüzar tərəfdaş qismində növbəti dəfə təsdiq edilməsi kimi dəyərləndirmək olar və bu, əlbəttə ki, Azərbaycanın investisiya və işgüzar cəlbediciliyinə müsbət təsir göstərəcək".
Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanıb. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.
Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutub və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlayıb.
Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənib. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olub.