Azərbaycan, Bakı, 22 yanvar /Trend/
2013-cü ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 80 min və ya 7 faiz artıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, 1 yanvar 2014-cü il tarixinə olan vəziyyətə görə ölkə üzrə 1 218 143 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 177 236-sı və ya 97 faizini əhali, 40 907-si və ya 3 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
2013-cü ildə sayğaclaşma səviyyəsi 9 faiz artaraq 57 faizə çatıb. 1 yanvar 2014-cü il tarixinə olan vəziyyətə görə su təchizatı xidməti göstərilən abunəçilərin 670 mini sayğacla təmin olunub.
Sayğaclaşma səviyyəsi əhali qrupu abunəçiləri üzrə 54,6 faiz, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 85,5 faiz təşkil edib.